AZ

Türkiyə ilə gərginlik yaradacaq mesaj: Rusiyanın Qarabağda etdiklərini “unutdu”

Vaxtilə Azərbaycanla Ermənistan arasında “vasitəçi” olmağa çalışan Rusiya İkinci Qarabağ Müharibəsi zamanı Ermənistana hərbi texnika daşıyırdı.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Rusiya xarici işlər naziri Sergey Lavrov “Hürriyət” qəzetinə müsahibəsində Türkiyənin Ukrayna ilə davam edən hərbi-texniki əməkdaşlığını sərt tənqid edib. Nazir bildirib ki, Ankaranın Ukrayna ilə əməkdaşlığı Türkiyənin vasitəçilik iddiaları fonunda anlaşmazlıq yaradır: “Türkiyə silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçiləri və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilməsi dərin narahatlıq doğurur”.

Rusiya xarici işlər naziri Ankaranın bu siyasətinin iki ölkə arasında etibara və əməkdaşlığa mənfi təsir göstərə biləcəyini ifadə edib.

Lavrovun Türkiyə-Ukrayna hərbi əməkdaşlığına görə Ankaranı tənqid etməsi yersizdir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən dövlətdir, Rusiyanın Krımın ilhaqını tanımayıb. Türkiyənin Rusiya ilə olduğu kimi, Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var. Rusiya müxtəlif dövlətlərə silah və hərbi texnika satır və əsas məqsədi həm gəlir əldə etmək, həm də silah bazarında mövqeləri möhkəmlətməkdir. Türkiyə Ukraynaya PUA satarkən eyni maraqlardan çıxış edir. Türkiyə Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biri kimi tərəfdaş saydığı istənilən dövlətə silah və hərbi texnika sata bilər”, - ekspert bildirib.

Elxan Şahinoğlu vurğulayıb ki, buna baxmayaraq, Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün daima vasitəçilik təşəbbüsləri ilə çıxış edir:

“Rusiya və Ukrayna nümayəndələrinin sonuncu görüşü məhz İstanbulda keçirilib. Rusiya Prezidenti Vladimir Putin Türkiyənin vasitəçilik təşəbbüslərinə görə dəfələrlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib. Nə baş verdi ki, Lavrov Türkiyə haqqında prezidentindən fərqli fikirlər söyləməyə başladı?

Lavrov bir neçə il əvvəl açıqlamalarında deyirdi ki, guya Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Yəni bununla işarə edirdi ki, Azərbaycan Rusiyanın Qarabağdakı maraqlarını nəzərə almalıdır. Azərbaycan yalnız öz maraqlarından çıxış edərək, ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etdi və Lavrov bu reallığı qəbul etmək məcburiyyətində qaldı.

Vaxtilə Azərbaycanla Ermənistan arasında “vasitəçi” olmağa çalışan Kreml İkinci Qarabağ Müharibəsi zamanı Ermənistana hərbi texnika daşıyırdı. Bu halda eyni sözləri Rusiya haqqında demək olardı, yəni qarşıdurma tərəflərinə hərbi texnika göndərən dövlət vasitəçi ola bilməz.

Lavrovun Ankaranın siyasətinin Moskva ilə münasibətlərə mənfi təsir göstərə biləcəyi xəbərdarlığına baxmayaraq, Rusiyanın NATO ölkəsi olan Türkiyə ilə tərəfdaşlığı gücləndirməsinə ehtiyacı var. Əks halda Rusiya prezidenti Türkiyənin BRİKS-ə üzvülüyünü dəstəkləməzdi.

Həmçinin Rusiyanın “Rosatom” şirkəti Türkiyənin Mərsin vilayətində atom elektrik stansiyasının tikintisini bitirdikdən sonra Sinopda ikinci stansiyasının tikintisində maraqlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
37
50
teleqraf.com

10Mənbələr