AZ

Rusiya Bankı: Moskva Asiya tərəfdaşları ilə yaxınlaşmaq üçün COP29 platformasından istifadə edə bilər

Karbon qazının tənzimlənməsi ilə bağlı Rusiya Federasiyasında əvvələr Qərb bazarlarına yönəlmə indi Asiya tərəfə dönür. Rusiya Birjası (SPB Birjası) və Qlobal İqlim Təşəbbüsü (“CGI Russia”) tərəfindən təşkil edilən dəyirmi masanın iclasındakı müzakirələrdən belə nəticəyə gəlmək olar.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, hakimiyyət, biznes və ekspert ictimaiyyəti nümayəndələrinin görüşü noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə COP29 növbəti konfransı ərəfəsində baş tutub. Rusiya Federasiyası Bankının maliyyə sabitliyi departamentinin direktoru Yelizaveta Danilovanın qeyd etdiyi kimi, Çində iqlimin tənzimlənməsi təcrübəsi Rusiya üçün həm bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi, həm də bərpaolunan enerji mənbələri sahəsində liderliyinə görə getdikcə daha əhəmiyyətli olur.

Rusiya Bankının “Çin karbon neytrallığına gedən yolda” analitik qeydindən belə nəticə çıxır ki, Çində ilkin enerji istehlakının ÜDM-ə nisbəti 2005-ci ildən bəri 40 faizdən çox azalıb və inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşıb. Rusiyada ÜDM-in enerji intensivliyinin səviyyəsi hələ də nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Qeydin müəlliflərinin dediyi kimi, Çində göstəricinin dinamikası digər məsələlərlə yanaşı, enerjiyə qənaət məqsədlərinə nail olunmasının bütün səviyyələrdə rəhbərlərin fəaliyyət göstəricilərinə inteqrasiyası ilə izah olunur: “Çinin iqlim nailiyyətlərinin əksəriyyəti ölkənin 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq strategiyasına sadiq qalması ilə təmin edilir ki, bu da təkcə məsləhət tədbirləri deyil, həm də iri biznes üçün məcburi tələbləri nəzərdə tutur. Rusiyada bir çox iqlim təşəbbüsləri, iclas iştirakçılarının etiraf etdiyi kimi, hələ də daha çox pilot və eksperimental xarakter daşıyır”.

Rusiya milli karbon tənzimləmə sisteminin dünya bazarının “qərb seqmentinə” inteqrasiyasının qeyri-mümkün olduğu şəraitdə Rusiya İndoneziya və Hindistan da daxil olmaqla Asiya tərəfdaşları ilə yaxınlaşmaq üçün COP29 platformasından istifadə edə bilər. Rusiya nümayəndə heyəti öz praktikası, o cümlədən iqlim-aktiv maddələrin monitorinqi sistemi, karbon vahidlərinin reyestri və iqlim dəyişikliyinə uyğunlaşma üzrə ümumi planlar haqqında danışaraq beynəlxalq dialoqda iştirak etmək niyyətindədir.

Seçilən
55
1
yeniazerbaycan.com

2Mənbələr