AZ

Müharibə xatirələri: "Qonşu bölüyün adını unutduğum əsgəri məni qucaqlayıb ağladı"

II Qarabağ müharibəsi qazisi, hazırda Kürdəxanı təcridxanasında saxlanılan vicdan məhbusu Ruslan İzzətlinin müharibə xatirələri...

II hissə  

Əvvəli burada

Müharibənin ilk günlərində düşmənin atdığı mərmi nəticəsində zərər görmüş Füzulidəki hərbi hissədəydim. Bu istiqamətdə döyüşə gedəcək qurupa məni almadılar.  
Çünki qruplar hərbi hissələrə görə formalaşırdı. Döyüşə gedən qrup isə başqa hərbi hissə idi… 

Başladım N saylı hərbi hissənin kazarmaların gəzməyə. Çünki sağalıb xəstəxanalardan çıxarılan hərbçilər bu hərbi hissəyə gətirilirdi. Kazarmaları gəzəndə olduğum hərbi hissədən gizir Əliyev Namiqi və yanında bizim tabordan bir neçə əsgəri gördüm. Dedi ki, hərbi hissəylə əlaqə saxlamışam, gəlib bizi aparacaqlar… 
Gizir Əliyev Namiqlə birlikdə hərbi hissəyə gəldik. Hərbi hissənin həyətində polkovnik-leytenant Ramazan Orucovu gördüm. Ramazan Orucov haqda sizə gələcək yazılarımda "qəhrəmanlığından" danışacağam. 

O, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini idi. Əsgərlikdə olanlar bilir ki, hərbi hissələrdə "zampalit" adlanan şəxslər, əsasən xüsusi nəzarət tələb edən əsgərlərə xüsusi diqqət ayırırlar.  

Siyasi görüşlərimə görə Ramazan Orucov məni çox yaxşı tanıyırdı. Çünki arada çağırıb söhbət edərdi. Bəzən Dədə Qorqud obrazına girib məsləhət verərdi, bəzən də özünü müstəntiq kimi aparıb sorğu-sual edərdi. Bilirdim ki, bunu "yuxarılar"ın əmri ilə edir. Əsgər gəldiyim gündən müharibəyə qədər Ramazan və yanındakıların işi məni nəzarətdə saxlamaq idi…

Ramazan Orucov məni görən kimi yanına çağırdı, söhbətimiz əsnasında əlindəki dəftəri mənə göstərdi. Üstü qırmızı rəngdə olan dəftərin içində hərbi hissəmizdən şəhid olan şəxslərin adları var idi. Dəftəri əlindən alıb təlaşla siyahını oxumağa başladım. Hər oxuduqca düşünürdüm görən bizim tabor və bölükdən şəhid çoxdurmu?.. 

Ramazan Orucov mən dəftəri oxuduqca o da hərbi hissənin zərər görməsindən danışırdı. Həqiqətən, hərbi hissə minamyot atəşindən pis durumda idi…

Ramazan Orucovdan ayrıldım, tibb xidmətinə getdim. Qapının qarşısında o zaman bizim tibb xidmət rəsimiz olan baş leytenant Möhsün İsmayılovla qarşılaşdım. Xəstəxanadan çıxış sənədimə baxdı. O baxdıqca hərbi hissənin idarə heyətindən bir neçə nəfər yaxınlaşdı ona... 

Həmin gün bir neçə saatlıq atəşkəs olmuşdu. O müzakirə olunurdu. Bəziləri müharibə nə zaman bitəcək düşüncəsində idi, bəziləri "necə tibb xidmətində qalım, döyüş meydanına getməyim?" düşüncəsində, bəziləri də "hansı formada döyüşən şəxslərin yanına gedə bilərəm?" düşüncəsində…
 
Onda diqqət etdim ki, hərbi hissədə yüksək səslə bağıranlar müharibə zamanı nədənsə səsləri batmışdı, amma hər zaman hərbi hissə rəhbərliyi tərəfindən intizamsız əsgər kimi görünənlər müharibə vaxtı öndə gedirdi…
 
Möhsün həkim dedi ki, sən Ağcabədinin Muğanlı kəndinə gedəcəksən… O zaman bizim bölükdən leytenant Cövdət Əliyevi gördüm. Dedi ki, biz cəmləşməyə gedirik. "Gedirsənsə, gəl" deyib sürətlə addımladı… 

Möhsün həkimə dedim ki, doktor mən leytenat Əliyevlə gedə bilərəmmi? Dedi, yox! Sən Muğanlı kəndinə gedəcəksən...
Mən də bilmirəm Muğanlıya niyə gedirəm?..  

Artıq Muğanlıya gedəcəyimi görüb leytenant Əliyevın arxasınca qaçdım...

Bakıdan gələndə yolboyu vətəndaşlar şirniyyatlar, çərəzlər vermişdi. Dedim ki, cənab leytenant, bunu götürün, cəmləşmədəki əsgərlərə verərsiniz.
 
Muğanlıya getdim. Orta məktəb xəstəxana edilmişdi. Möhsün həkim məntəqə rəisinə dedi ki, əsgər İzzətli əməliyyatdan təzə çıxıb, döyüşə gedə bilməz, məntəqədə qalacaq. Bildirdi ki, hərbi hissə komandiri məzuniyyət versə, evə gedəcək. Bildirdilər ki, ambulator müalicəyə ehtiyacım var. 

Bunu eşidəndə Möhsün həkimə yaxınlaşdım ki, doktor, mənim müalicə olunmaq niyyətim olsaydı, Bakıda qalardım, mən Füzuliyə getmək istəyirəm! Bizim uşaqların çoxu yaralıdır. Əsgərlərimiz və leytenant Fuad Məmmədov təkdir orada. Çünki məlumat almışdım ki, bölüyümüzdn zabitlərdən yalnız leytenant Fuad Məmmədov və kiçik çavuş Şaiq Nəsirov sağdır. Bir neçə əsgərə onlar rəhbərlik edir. Təbii ki, onları tək qoymaq istəmirdim və ora getməkdə israrlıydım. 

Möhsün həkim bildirdi ki, bu, onun səlahiyyətində deyil. Məktəbin arxasına keçəndə orada taborumuzdan bir neçə əsgəri gördüm. Görüşdüyüm hər əsgərin gözündə sanki mənə veriləcək sualı gördüm. Adını unutduğum qonşu bölüyün əsgəri yaxınlaşdı ki, bəs deyirlər siz şəhid olmusunuz? Bunu deyəndən sonra məni qucaqlayıb ağladı. 

Bir neçə gün Muğanlıda qaldım. Bölüyümzdən əsgərlər Sənan Rüstəmov, Babək Məmmədovu gördüm. Axşamı dədləşirdik, bizi göndərmirdilər, əmr gözləyirdilər. Qərara gəldik ki, biz özümüz buradan qaçıb döyüşə gedək. Sabahı gün Babək, Sənan, mən və qonşu bölükdən Həsrət adlı əsgərlə birlikdə Muğanlıdan qaçıb hərbi hissəmizin cəmləşdiyi yerə getdik. Muğanlıdan xəstəxananı tərk edəndə çoxlu bint, yod, ağrıkəsici iynələr götürdüm ki, döyüş meydanında yaralı dostlarıma ilkin tibbi yardım edim.  

Cəmləşməyə getdik. Bizim taborun bir hissəsi Füzulidə döyüşürdü. Bir hissəsi də səfərbərlikdən gələn çağırışçılarla bərabər ehtiyatda idi, döyüş əmri gözləyirdi. Tabora rəhbərliyi qərargah rəisimiz mayor Aləm İsgəndərov edirdi. Tabor komandirimiz kapitan Rəşad Qasımov isə Füzulidə döyüşürdü.  

Mayor Aləm İsgəndərovun yanına getdik ki, bizi Füzuliyə göndərsin…

Davamı olacaq
Seçilən
19
14
arqument.az

10Mənbələr