AZ

Heç 24 saat çəkmədi...

Məlum olduğu kimi, ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Donald Tramp səs çoxluğu ilə Demokrat Kamala Harrisi üstələyib.

“Qafqazinfo” xəbər verir ki, bu, Trampın 2016-cı ildən sonra prezidentlik yarışı uğrunda növbəti qələbəsidir və artıq dünyanın bir sıra aparıcı dövlətlərinin rəhbərləri onu qələbə münasibətilə təbrik də edib.

Seçilmiş prezidenti təbrik edənlər siyahısında onun rəqibi Kamala Harris də var.

Məlumat üçün deyək ki, daha əvvəl bir neçə dəfə ardıcıl prezident seçilən ABŞ liderləri olub. Lakin Donald Tramp ABŞ-də fasilələrlə bu posta seçilən ikinci siyasətçidir. O, Birləşmiş Ştatların 22-24-cü prezidenti seçilən Stiven Qrover Klivlenddən 139 il sonra bu nəticəni təkrarlayıb.

Üstəlik ona qədər heç kim ABŞ-də 78 yaşında prezident seçilməyib.

Bütün bunlardan əlavə bu, 3 seçki yarışına qatılan Donald Trampın seçkilərdə qadın rəqibi üzərində ikinci qələbəsidir.

ABŞ-nin 47-ci prezidenti olacaq siyasətçi 2016-cı ildə Demokratların namizədi Hillari Klintonla da seçki yarışından qələbə ilə ayrılmışdı.

Eyni mənzərə bu dəfə həmin partiyadan namizəd olan Kamala Harrislə yaşandı. Bir çoxları bu rəqabəti “nəfəs-nəfəsə mübarizə” kimi təsvir etsə də, Trampın qələbəsi 24 saat ərzində qeyri-rəsmi formatda açıqlandı.

Onu da deyək ki, əgər Harris seçkidə qalib gəlsəydi, o, ölkənin ilk qadın və ilk Asiya əsilli prezidenti olacaqdı.

Amma Tramp indi 2020-ci il yarışlarındakı məğlubiyyətdən sonra yenidən Ağ Evə qayıtmağa hazırlaşır.

Karolina, Corciya, Pensilvaniya və Viskonsin ştatlarında əldə olunan erkən qələbələr onun prezidentliyi təmin etmək üçün lazım olan sehrli 270 seçici səsinə çatması demək olsa da, seçki nəticələrinin rəsmən təsdiqlənməsi hələ günlər, hətta həftələr çəkə bilər.

Bəs Donald Tramp indi prezidentdir?

-Xeyr. Tramp ABŞ qanunların əsasən hazırda seçilmiş prezident, onun namizədi JD Vans isə seçilmiş vitse-prezident sayılır.

Bununla belə, o, öz qələbəsini artıq elan edib. Hətta Bakı vaxtı ilə bu gecə saat 01:00-da Kamala Harrisin məğlubiyyəti etiraf etməsi ilə bağlı müraciəti gözlənilir.

Gələn ilin yanvarın 6-da ABŞ Konqresi seçki kollegiyasının səslərini saymaq və yeni prezidenti təsdiqləmək üçün toplanacaq.

Tramp isə, 20 yanvar 2025-ci ilə təyin olunan seçilmiş prezidentin andiçmə mərasimindən sonra qanuni olaraq prezidentlik səlahiyyətlərini və vəzifələrini öz üzərinə götürəcək.

Seçilən prezident və vitse-prezident isə bu mərhələyədək öz siyasət prioritetlərini müəyyən edəcək, yeni administrasiyada əsas postları tutacaq namizədləri nəzərdən keçirəcək və hökuməti yenidən quracaq.

İstefa verən prezident isə (red-ABŞ-nin 46-cı prezidenti Co Bayden) xələfini yaxın günlərdə günlərdə Ağ Evə dəvət etməlidir.

Tramp Baydenin həm sələfi, həm də xələfi olduğu üçün 4 il əvvəlki, 2020-ci ildə sözügedən mərasimi boykot etmişdi.

Əslində isə ənənəyə görə, hakimiyyətin dinc yolla ötürülməsini simvollaşdırmaq üçün inauqurasiyada hər iki prezident iştirak edir.

İnauqurasiyadan sonra yeni prezident dərhal işə başlayır.

Hazırladı:Telli Minbir

Seçilən
15
qafqazinfo.az

1Mənbələr