AZ

TDT münaqişə ocaqlarının söndürülməsi üçün mühüm platforma rolunu oynayacaq

Böyük güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatlar dünyada baş verən silahlı münaqişələrin qarşısının alınmasında aciz qalıblar. Əslində söz sahiblərinin mövcud toqquşmalarda maraqlarının olması münaqişə ocaqlarının daha da alovlanmasına şərait yaradır. Vəziyyət o həddə çatıb ki, Avropa İttifaqı, ATƏT və NATO kimi təşkilatlar öz missiyalarını yerinə yetirmək imkanlarından məhrum olublar. Belə bir vəziyyətdə dünyaya sülh və barışıq gətirə biləcək yeni- Türk Dövlətləri Təşkilatı (TDT) yaranıb ki, sözügedən qurum sözün həqiqi mənasında baş verə biləcək 3-cü dünya müharibəsinin qarşısına sipər çəkə bilər. O da etiraf edilməlidir ki, Türk Dövlətləri Təşkilatının yaradılması, onun fəaliyyət dairəsinin müəyyən edilməsində Azərbaycan dövlətinin kifayət qədər rolu olub. Başqa sözlə, Azərbaycan bu təşkilatın ərsəyə gəlməsi və türk dövlətlərinin vahid bir təşkilatda təmsil olunmasına lazımi töhfəsini verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Yeni reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Azərbaycan qardaş türk ölkələri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Təsadüfi deyil ki, dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

Xatırladaq ki, cari il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə "Qarabağ Bəyannaməsi" imzalanıb. Bu mühüm sənəd də türk birliyinin daha da möhkəmləndirilməsi, TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Cari ilin sentyabrında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbul edilməsi türk xalqlarının linqvistik mirasını qorumaqla yanaşı, onlar arasında qarşılıqlı anlaşmanı, eləcə də əməkdaşlığı daha da inkişaf etdirəcəkdir. Həmin ortaq əlifbanın qəbulu türk xalqları arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da inkişafına töhfə vermək məqsədi daşıyır. Qəbul edilən əlifba ilə türk xalqları elmdən iqtisadiyyata, siyasətdən humanitariyaya qədər bir çox sahələrdə daha da yaxınlaşacaq, onların birlikdə hərəkət etmək qabiliyyəti artacaq.

Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü isə "Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik" şüarı altında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilib. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə görüşündən keçən dövr ərzində görülmüş işlər və əldə olunmuş nailiyyətləri qiymətləndirərək, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Zirvə görüşündə TDT-də müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə dövlət başçıları tərəfindən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşündə Bişkek Bəyannaməsi qəbul edilib. 

Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib. Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşünün yekunları üzrə bir sıra sənədlər imzalanıb. Sözügedən sənədlər sırasına  "Yaşıl baxış. Dayanıqlı gələcək naminə birliyin qəbulu" qərarı, Bişkek şəhərinin 2025-ci il türk dünyasının rəqəmsal paytaxtı elan edilməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə, Türk Dünyası Xartiyasının qəbulu haqqında qərar, türk əməkdaşlıq təşkilatlarının bayraqları haqqında qərar daxildir. Siyasi ekspertlərin qənaətinə görə, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşü üzv dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləməklə, bu ölkələrə aid ən vacib məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq. TDT-nın qarşısına qoyduğu hədəflər, fəaliyyət dairəsinin çoxqütblülüyü deməyə əsas verir ki, qurumun dünya miqyasında yeni güc mərkəzinə çevriləcəyi şübhə qoğurmur. Konkret məram, möhkəm təməl, üzv dövlətlərin əməkdaşlıq səviyyəsi əmin edir ki, bu birlik digər beynəlxlaq təsisatlar kimi şəxsi maraqların deyil, Türk dünyasının ümumi maraqlarının müdafiəçisinə çevriləcək. Nəzərə almaq lazımdır ki, TDT-nın üzvləri sırasında NATO ölkəsi olan Türkiyə və Avropa ilə Asiyanı birləşdirən Azərbaycan kimi dövlətlər var. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr