AZ

Trampın prezident seçilməsi Cənubi Qafqaza necə təsir göstərəcək? - 

Bir neçə gün öncə ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın ikinci dəfə prezident seçilməsi qlobal siyasət gündəmində ciddi maraq doğurub. 47-ci ABŞ prezidentinin xarici siyasətdə gözlənilən addımları, xüsusilə Rusiya və Çinlə münasibətləri və qlobal iqtisadiyyatla bağlı planları beynəlxalq arenada yeni güc balansının formalaşmasına səbəb ola bilər. Trampın iqlim məsələlərinə və enerji sektoruna yanaşmasının, eləcə də ABŞ-nin münaqişələrə dair mövqeyində gözlənilən dəyişikliklərin Cənubi Qafqaz regionunun iqtisadi-siyasi vəziyyətinə təsiri də müzakirə predmetidir. Mövzuyla bağlı Metbuat.az saytına Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə müsahibə verib.
Fariz bəy, Donald Trampın qayıdışı ilə ABŞ-nin xarici siyasətində hansı dəyişikliklər gözlənilir? Xüsusilə, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə kəskin addımlar atılacağı ehtimalı varmı? ABŞ-nin 47-ci prezidenti olaraq Donald Trampın xarici siyasətində əhəmiyyətli və kəskin dəyişikliklərin baş verəcəyi gözlənilir. Dünya səhnəsində hazırda iki əsas münaqişə — Ukrayna və Fələstin məsələlərində Trampın fərqli yanaşmalar ortaya qoyması mümkündür. Trampın Ukraynaya dəstəyini azaltma ehtimalı Ukraynanı atəşkəsə və ya sülh sazişi imzalamağa məcbur edə bilər ki, bu da regionda yeni bir güc balansı yaradacaq. Bu dəyişikliklərin nəticəsində Rusiya ilə bağlı sanksiyaların yumşaldılması və ya ləğvi gündəmə gələ bilər. Bununla yanaşı, Rusiyanın beynəlxalq arenada, xüsusilə Avropa ilə ticarət əlaqələrini daha geniş şəkildə inkişaf etdirməsi ehtimalı artacaq. Fariz bəy, Trampın Rusiyaya qarşı deyil, daha çox Çinə qarşı mübarizə aparması Cənubi Qafqaz regionuna necə təsir göstərə bilər? Trampın diqqətini Rusiyadan daha çox Çinə yönəltməsi Cənubi Qafqaz bölgəsində də təsirsiz ötüşməyəcək. Bu yanaşma dünya bazarında neft qiymətlərində azalma yaratmaq bərabər Azərbaycan və digər neft ixrac edən ölkələrin iqtisadiyyatına birbaşa təsiri ola bilər. Eyni zamanda, Trampın ilk prezidentliyi dövründə beynəlxalq təşkilatlara, o cümlədən NATO, Avropa İttifaqı və BMT-yə qarşı müəyyən təzyiqlər tətbiq etdiyi məlumdur. Bu təzyiqlərin yenidən gündəmə gəlməsi də ehtimal edilir ki, qlobal güc mərkəzləri arasında yeni bir dinamikaya yol açacaq. Necə düşünürsünüz, Donald Trampın daxili siyasətdə tətbiq etdiyi sərt miqrasiya siyasətinin davam etməsi gözlənilirmi? Vergilərin azaldılması və tənzimləyici maneələrin aradan qaldırılması indiki dövrdə ABŞ-nin daxili və xarici siyasətinə, xüsusilə də Cənubi Qafqaz regionuna təsirləri nədən ibarət ola bilər? Trampın daxili siyasətində əsas prioritetlərə sərt miqrasiya siyasəti, iqtisadiyyatın tənzimlənməsinə qarşı mübarizə və vergilərin azaldılması daxildir. Bu siyasətlər onun ilk prezidentliyi dövründə olduğu kimi, ikinci dönəmində də davam edə bilər. İndiki vaxtda Trampın bu istiqamətdə fərqli yanaşmalar nümayiş etdirməsi gözlənilir. Bu dəyişikliklər həm ABŞ-nin daxili bazarına, həm də qlobal iqtisadi və siyasi balansın formalaşmasına ciddi təsir göstərə bilər. Düşünürəm ki, bu siyasətin Cənubi Qafqaz regionuna təsirləri də mümkündür. Trampın alternativ enerji siyasətinə sərt yanaşması və neft istehsalını artırması qlobal enerji bazarına və Cənubi Qafqaz regionunun iqtisadiyyatına necə təsir göstərə bilər? Trampın iqlim dəyişikliyi məsələlərinə qarşı sərt yanaşması və neft istehsalını artırmaq siyasəti qlobal enerji bazarında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Bu siyasət neftin dünya bazarındakı qiymətlərinin azalmasına, neft ixracatçısı olan ölkələrin iqtisadiyyatlarına təzyiq göstərəcək. Həm müharibələrin dayandırılması ehtimalı, həm də ABŞ-də neft hasilatının artması enerji bazarında tədarükü yüksəldərək qiymətlər üzərində böyük təzyiq yaradacaq. Bu dəyişikliklərin Cənubi Qafqaz regionunda enerji gəlirlərinə və iqtisadi sabitliyə təsirsiz ötüşməyəcəyi ehtimal edilir. Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanmışdır.


Seçilən
14
50
metbuat.az

10Mənbələr