AZ

Bayrağımızın dalğalandığı BEYNƏLXALQ TƏŞKİLATLAR

1918-ci il 9 noyabrda  Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrənglii bayrağımız bu gün qürur mənbəyimizdir.

9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur. Bu bayram Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə təsis edilib. 

Müstəqilliyimizin bərpa edilməsindən keçən 33 ildə Azərbaycan bayrağı ölkənin bütün ərazilərində dalğalanmaqla yanaşı, bir çox beynəlxalq təşkilatlarda da təmsil olunur.


Modern.az həmin təşkilatları təqdim edir. 


1. Birləşmiş Millətlər Təşkilatı – BMT İkinci Dünya Müharibəsindən sonra beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur.


2. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə - Təşkilatın əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə əməkdaşlığın təmin edilməsidir.
 

3. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik - 1957-ci ildə “Sülh naminə Atom” təşkilatı kimi təsis edilən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə enerjisindən sülh məqsədləri ilə istifadə olunması sahəsində elmi və texniki əməkdaşlıq üçün dünyanın hökumətlərarası forumu kimi fəaliyyət göstərir.
 

4. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) -  İttifaqın əsas vəzifəsi harada yaşamasından asılı olmayaraq bütün dünya üzrə insanlar arasında rabitə əlaqələrin yaradılmasına nail olmaqdır. BTİ fəaliyyəti ilə hər bir şəxsin rabitə əlaqəsi yaratmaq hüququnu müdafiə edir və dəstəkləyir. 
 

5. Beynəlxalq Valyuta Fondu (BVF) -  Beynəlxalq maliyyə təşkilatlarından biri olan bu təşkilat üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, bu ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədilə yaradılan beynəlxalq maliyyə inistitutudur.
 

6. Dünya Bankı - dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.


7. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) - 1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş Krallığı) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən yaradılıb. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.


8. İslam İnkişaf Bankı (İİB) - Bankın məqsədi banka üzv olan ölkələrin (onun təsisçiliyində və üzvlüyündə təmsil olunan müsəlman ölkələr) və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ (fiqhi) əsasında təmin etməkdir. Bankın əsas funksiyası iqtisadi və sosial inkişaf üçün layihələrin maliyyələşdirilməsi, müəssisələrin xüsusi kapitalında iştirak və ya investitsiya qoyuluşu, qrantların və ssudaların verilməsi şəklində üzv dövlətlərə maliyyə yardımını təmin etməkdən ibarətdir.


9. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) – Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsinə əsaslanır.


10. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) - İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır.


11. Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) - Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır.


12. Qoşulmama Hərəkatı - özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. 


13. UNESCO – Əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. 


14. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) - Azərbaycan Respublikası 1995-ci ildən ÜƏMT-nin üzvüdür və onun əqli mülkiyyət hüquqlarının qorunması və əlaqəli hüquqları əhatə edən 16 sazişinə qoşulmuşdur.


15. Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) - Milli Meteoroloji və Hidroloji Xidmətlər, Ümumdünya Meteorologiya Təşkilatının rəhbərliyi və proqramları çərçivəsində həyatın və əmlakın təbii fəlakətlərdən qorunmasına, ətraf mühitin qorunmasına, o cümlədən cəmiyyətin bütün təbəqələrinin ərzaq təhlükəsizliyi, su ehtiyatları və nəqliyyat kimi sahələrdə iqtisadi və sosial rifahının qorunmasına və gücləndirilməsinə mühüm töhfə verir.
Ümumdünya Meteorologiya Təşkilatı meteoroloji, klimatoloji, hidroloji və geofiziki müşahidələr üçün şəbəkələrin yaradılmasında, həmçinin müvafiq məlumatların mübadiləsi, emalı və standartlaşdırılması sahəsində əməkdaşlığı təşviq edir və texnologiyanın ötürülməsi, kadr hazırlığı və tədqiqat işlərinə kömək edir.
 

16. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – Təşkilatın əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Məqsədi isə  üzv ölkələrin əhalisinin rifah halını yaxşılaşdırmaqdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.
 

ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi nüfuzlu regional təşkilatlardan da Azərbaycan bayrağı dalğalanır. 

Azərbaycan ATƏT üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub. 
 
Azərbaycan 2001-ci il yanvarın 25-də isə Avropa Şurasının 43-cü üzvü olub. Avropa Şurasının məqsədlərinə insan hüquqları, plüralist demokratiya və qanunun aliliyini qorumaq, regionun qarşılaşdığı problemlərə ümumi həll yollarını tapmaq missiyası, qanunvericilik və konstitusiya islahatlarını dəstəkləməklə Avropada demokratik sabitliyi möhkəmləndirmək daxildir.

Azərbaycan 2009-cu ildən bəri Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.

Həmçinin regional təşkilatların sırasına aşağıdakıları aid etmək olar:

Türk Dövlətləri Parlament Assambleyası;
Türk Dövlətləri Parlament Assambleyasının Gənc Parlamentarilər Qrupu;
Türk Dövlətləri Parlament Assambleyasının Qadın Parlamentarilər Qrupu;
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası;
Parlamentlərarası İttifaq;
Qoşulmama Hərəkatı Parlament şəbəkəsi;
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası;
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası;
NATO Parlament Assambleyası;
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası;
GUAM Parlament Assambleyası;
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı;
Asiya Parlament Assambleyası;
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası;
Azərbaycan – Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsi;
Avronest Parlament Assambleyası;
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası;
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyası.

Seçilən
63
1
modern.az

10Mənbələr