AZ

''Trabzonspor''a Günəş də çarə olmadı

Türkiyənin dörd nəhəngindən biri olan ''Trabzonspor'' çox çətin dönəmdən keçməkdə davam edir.

Məşqçi dəyişikliyindən sonra vəziyyət heç də yaxşıya doğru dəyişməyib. Düzdü, Şenol Günəşin təyinatından sonra komanda ilk 6 oyunda uduzmadı. Amma son matçlarda Trabzon təmsilçisi heç cür böhrandan çıxa bilmir.

Qaradənizlilər ''Göztəpə'' və ''Fənərbaxça''ya məğlubiyyətlərin ardından bu dəfə səfər derbisində ''Çaykur Rizəspor''a boyun əydilər. Özü də hesabı məhz qonaqlar açdı. Visça Türkiyə çempionatında yubiley - 100-cü qolunu vurdu. Amma Rizə təmsilçisi qalan vaxtda 3 top vuraraq inamlı qələbə qazandı. Maraqlıdı ki, Şenol Günəş məşqçi karyerasında superliqa çərçivəsində ''Çaykur Rizəspor''a rəqib olduğu 12-ci qarşılaşmada ilk dəfə məğlubiyyətlə barışmalı oldu (10 qələbə, 1 heç-heçə).

Bundan başqa güclü rəqibi ardıcıl 4-cü superliqa oyununda məğlub edən ''Çaykur Rizəspor'' turnirin tarixində ''Trabzonspor''a qarşı bu cür seriya yaxalayan cəmi 5-ci komanda oldu. Daha öncə bunu ''Beşiktaş'', ''Qalatasaray'', ''Fənərbaxça'' və ''İstanbulspor'' bacarmışdı. Onu da vurğulayaq 11 oyuna cəmi 12 xal toplayan ''Trabzonspor'' tarixinin ən uğursuz ikinci startını reallaşdırıb. Komanda daha öncə yalnız 2016/17-də ilk 11 oyuna indikindən daha az (11) xal toplamışdı.

ƏLİ

Seçilən
80
football-plus.az

1Mənbələr