AZ

Müller Musialanın “Bayern”dəki gələcəyi haqda danışdı

“Bayern”in hücumçusu Tomas Müller komanda yoldaşı, yarımmüdafiəçi Camal Musialanın Münhen klubundakı gələcəyi ilə bağlı fikrini bildirib.

Arena.az alman futbolçunun bu barədə fikrini təqdim edir:

“Camalın “Bayern”də qalmalı olması tamamilə açıq-aydındır. Kluba dəstək olan hər kəs belə düşünür. Musiala əməksevər oyunçudur. O, gərəkli mühitə və lazımi keyfiyyətlərə malikdir”, deyə Müller fikrini əsaslandırıb.

Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 14 oyun keçirib, 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 177 oyun, 52 qol və 35 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 36 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
33
1
arena.az

2Mənbələr