AZ

COP29 dünya mediasının baş mövzusudur

“Reuters” agentliyi

Agentliyin BMT-nin 29-cu iqlim konfransı ilə bağlı hazırladığı və iqlim sammitlərinin əhəmiyyətindən və çərçivə konvensiyasında bütün tərəflərin iştirakının vacibliyindən bəhs edən materialında bildirilib ki, COP istiləşməyə səbəb olan karbon və digər qazların emissiyalarının azaldılması tədbirlərinin müzakirəsi, onunla mübarizə və uyğunlaşma üçün maliyyə mexanizmlərinin işlənib hazırlanması üzrə platformadır. Bununla belə, əldə olunmuş irəliləyişlərə baxmayaraq, dəyişiklik sürəti qlobal temperatur artımının qarşısını almaq üçün kifayət deyil. İlk konfranslardan bəri emissiyalar və temperaturun orta göstəriciləri artmaqda davam edir.

Materialda göstərilir ki, dünya liderləri demək olar hər sammitdə iştirak edirlər və bu, onların ölkələrinin iqlim dəyişikliyinə qarşı mübarizə məqsədlərinə sadiqliyinin mühüm siqnalıdır. Liderlərin iştirakı həm də ölkələrə keçmiş vədlərə görə bir-birləri qarşısında məsuliyyət daşımağa kömək edir. Qeyd etmək lazımdır ki, bu tədbir zamanı ölkələr emissiyaları barədə hesabat verirlər, eləcə də inkişaf etməkdə olan ölkələrə iqlim yardımı üçün 100 milyardlarla dollar ayrılmasına yardım göstərirlər.

Məqalədə daha sonra deyilir: “COP29-da iqlim maliyyələşdirməsi üzrə yeni hədəfin təyin ediləcəyi, beynəlxalq karbon krediti bazarlarının fəaliyyətə başlayacağı, eləcə də iqlim fəlakətlərindən zərər çəkən ölkələrə yardımın artırılacağı gözlənilir”.

NTV telekanalı

Xəbər kanalının reportajında Türkiyənin COP29-dan gözləntiləri və hədəfləri barədə tamaşaçılara məlumat verilib və qardaş ölkənin iqlim konfransında açıqlanacaq uzunmüddətli iqlim dəyişikliyi strategiyasına dair yeni yol xəritəsinin işlənib hazırlamasından bəhs olunub.

Reportajda qlobal iqlim dəyişmələrinin bəşəriyyət üçün ciddi sosial və iqtisadi nəticələrinə diqqət çəkən Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Xəlil Hasarın rəyi də yer alıb.

Xəlil Hasar çıxışında ötən il Dubayda keçirilmiş COP28 sessiyasının nəticələrini xatırladıb və bu sessiya çərçivəsində enerji sektorunun ətraf mühitə təsiri ilə bağlı fəal müzakirələrin aparıldığını vurğulayaraq COP29-un əsas gündəliyinin Yeni Kollektiv Kəmiyyət Məqsədinin qəbul edilməsi, yəni iqlim maliyyələşdirilməsi məsələsi olduğunu bildirib. O eyni zamanda, inkişaf etmiş ölkələrin iqlim məqsədləri üçün inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayırmaqla bağlı öhdəliklərini də xatırladıb.

Xəlil Hasarın fikrincə, Bakıda COP29 çərçivəsində müzakirələr daha fəal və uzunmüddətli olacaq ki, bu da iqlim maliyyələşdirilməsinin qəbul edilməsi ilə bağlıdır.

“Gələcək nəsillərə ekoloji cəhətdən daha sağlam bir planet yadigar qoymalıyıq. Bu, bizim borcumuzdur. Bu məqsədə çatmaq üçün bütün imkanlardan istifadə etmək vacibdir. Türkiyə bu istiqamətdə fəal və səmərəli addımlar atmağa hazırdır”, – deyən professor Xəlil Hasar dövlətlərin bəyan etdiyi ekoloji öhdəliklərin kağız üzərində qalmamasının vacibliyini vurğulayıb.

Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri bildirib ki, COP29 çərçivəsində ölkə pavilyonunda çoxsaylı panel müzakirələri və digər tədbirlər keçiriləcək. Bu tədbirlərdə, həmçinin Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır tullantı” layihəsi ilə bağlı fikir mübadiləsi də aparılacaq.

Professorun fikrincə, belə bir mühüm qlobal tədbirin qardaş Azərbaycanda keçirilməsi Türkiyənin üzərinə tədbirdə var qüvvəsi ilə iştirak etmək məsuliyyəti qoyur.

“Sabah” qəzeti

Nəşr Azərbaycanda COP29 çərçivəsində Türkiyənin prioritetləri barədə oxuculara məlumat verib və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi qlobal tədbirin gündəliyinə diqqət çəkib.

“Bakıda bəşəriyyət üçün iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizənin kritik yolları müzakirə olunur. COP29 çərçivəsində digərləri ilə yanaşı, Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır tullantı” adlı ekoloji layihə də təqdim olunacaq. Təqdimat Heydər Əliyev Fondunun dəstəyi ilə açılan birgə pavilyonda reallaşacaq”, – deyə məqalədə bildirilib.

Qəzet COP29 sessiyası çərçivəsində Türkiyə hakimiyyətinin ölkənin uzunmüddətli iqlim dəyişikliyi strategiyasının Yol Xəritəsini açıqlamaq planlarına diqqət çəkib və konfransda Ankaranın ətraf mühiti qorumaq əzmini bəyan edəcəyi və ekoloji gündəmdə liderlik nümayiş etdirəcəyi bir platforma olacağını vurğulayıb.

Xüsusilə qeyd olunub ki, Ankara COP29 iştirakçılarına ətraf mühitin maliyyələşdirilməsinə ədalətli və asanlaşdırılmış çıxışın əhəmiyyəti, iqlim dəyişmələri ilə mübarizə prosesinin rəqəmsallaşdırılmasının, eləcə də “yaşıl” iqtisadiyyata keçidin zəruriliyini bildirəcək.

“Kazinform” agentliyi

Qazaxıstanın adıçəkilən beynəlxalq informasiya agentliyinin yaydığı “Neft dollarlarını “yaşıllaşdırmaq”: resursla zəngin ölkələr təmiz enerjini necə inkişaf etdirir” sərlövhəli məqalədə uzun müddətdir ki, böyük neft və qaz ehtiyatları ilə tanınan Azərbaycanın son vaxtlar “yaşıl” enerjiyə keçidi sürətləndirdiyi, ölkənin qlobal dekarbonizasiya məqsədlərinə cavab verən dayanıqlı enerji infrastrukturunun inkişafı üçün neft ixracından əldə olunan gəlirlərdən istifadə etdiyi bildirilib.

Agentlik vurğulayıb ki, dünyada “yaşıl” enerjiyə keçidin sürətləndiyi bir vaxtda bir çox ölkələr davamlı təcrübələri inteqrasiya etmək və qazıntı yanacaqlarından asılılığı azaltmaq üçün unikal yanaşmaların tətbiqinə üstünlük verir. Azərbaycan, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Qazaxıstan kimi neft və qaz ölkələri coğrafi, iqtisadi və siyasi amillərlə formalaşan fərqli strategiyaları təmsil edir.

Məqalədə neft hasil edən ölkələrin “yaşıl” enerjinin inkişafına investisiyaları da araşdırılır. Respublikamızla bağlı hissədə Azərbaycan Dövlət Neft Fonduna neft və qaz gəlirləri hesabına 60 milyard dollardan çox vəsait toplandığı, əvvəlcə infrastrukturun inkişafı və sosial proqramlar üçün istifadə edilən bu vəsaitin hazırda ölkənin enerji kompleksinin şaxələndirilməsi məqsədilə qismən “yaşıl” enerji layihələrinə ayrıldığı vurğulanır.

Agentliyin materialında daha sonra bildirilir: “Azərbaycanda bərpaolunan enerji layihələrinə 1,5 milyard dollardan 2 milyard dollara qədər vəsait ayrılıb. Məqsəd milli enerji balansında 2030-cu ilə qədər neft hesabına maliyyələşdirilən investisiyalar tərəfindən dəstəklənən bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq olub. Ölkənin qazıntı yanacaqlarından asılılığının azaldılmasında əsas rol oynayacağı gözlənilən 240 MVt gücündə Xızı–Abşeron külək və 230 MVt-lıq Qaradağ Günəş elektrik stansiyaları kimi irimiqyaslı bərpaolunan enerji layihələrinə əhəmiyyətli investisiyalar yatırılıb”.

Məqalədə, həmçinin qeyd edilir ki, Azərbaycan “yaşıl” enerji sahəsində “Masdar (BƏƏ) və “ACWA Power” (Səudiyyə Ərəbistanı) kimi şirkətlərin təcrübəsindən bərpaolunan enerji layihələrində istifadə etməklə onlarla əməkdaşlıq edir. Ölkə “ACWA Power”ın külək layihələrindən 2,5 GVt daxil olmaqla, ümumi gücü 7 GVt olan günəş və külək elektrik stansiyalarının tikintisini planlaşdırır.

 

 

Seçilən
109
50
xalqqazeti.az

10Mənbələr