AZ

Tanrının verdiyi sərvətə görə biz suclu ola bilmərik... -TƏHLİL

Noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Dünən isə COP29 Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Məlum olduğu kimi bəzi Qərb dövlətləri COP29-un Bakıda keçirilməsinə etirazlarını bildirib və beynəlxalq tədbirin boykot edilməsinə çalışıblar. Lakin buna gücləri çatmadı. Hər zaman beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan COP29 tədbirini də yüksək səviyyədə keçirməkdədir.

Azərbaycanı qazı və nefti ilə suçlayanlar, neft ölkəsinə belə bir tədbirin keçirilməsini yaraşdırmayanlara dövlətimizin başçısının COP29 Liderlər Sammitinin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər gözəl cavab oldu: Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.

Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.

Qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz pay

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü.

Dövlətimizin başçısı: Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir.

Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər.

Bu gün isə mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. Bir sözlə, mesajım belədir. COP29-un sədri kimi, əlbəttə, biz yaşıl keçidin güclü carçısı olacağıq və bunu edirik, lakin, eyni zamanda, biz realist olmalıyıq.

Tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdı...

Bu il iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda Prezident İlham Əliyevin digər məsələlərlə yanaşı, böyük tədbir olan COP-la bağlı media nümayəndələrinin suallarını cavablandırmasını çox diqqətlə dinlədik. Və dinlədikcə də dövlətimizin başçısının yanaşmaları, təhlilləri ilə qürur duymamaq mümkün deyildi.

44 günlük İkinci Vətən müharibəsi zamanı dünya mediasının suallarını tez-tez cavablandıran, Azərbaycanın tarixini, Qarabağda 30 il ərzində baş verənləri, ermənilərin bu torpaqlara qarşı zorakılığını, vəhşiliyini, burada həyata keçirdikləri soyqırımlarını və dünyanın buna göz yummasını bütün detalları ilə bir tarixçi kimi izah edən dövlət başçısının bu dəfə də COP-un Azərbaycanda keçirilməsinə Qərbin narahatlığının izahını qürurla dinlədik.

Birləşmiş Ərəb Əmirliklərində, Dubay şəhərində yaşayan və işləyən media nümayəndəsi Frans Keynin “COP29-la bağlı tədbirlərin mediada işıqlandırılmasını necə görürsünüz və Sizin yanaşmanız necə olacaqdır? Çünki böyük ehtimalla bu tədbir Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaqdır”-sualı çox maraqlı şəkildə cavablandırıldı.

Prezident İlham Əliyev: Bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra - növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi və bunu müzakirə etdiyim bir çox şəxslərlə danışıqlarımda, – həmkarlarımı, dövlət və hökumət başçılarını nəzərdə tuturam, – onlar mənə deyirdilər ki, bu, Azərbaycan üçün böyük başağrısı olacaq. Əlbəttə, biz dərk etdik ki, hücumlara məruz qalacağıq. Biz əlbəttə, bunu proqnozlaşdıra bilmərik ki, ittihamların mövzusu necə olacaqdır? Amma əminəm ki, kifayət qədər ittihamlar olacaqdır. Biz nədə ittiham olunurduq? Neft və qazla zəngin olan ölkə olduğumuz üçün. Bu, çox təəccüblü bir haldır. Yeri gəlmişkən, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşdi. Təəssüf ki, bizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi başladı, biz ilk vaxtlar buna hazır deyildik. Biz izah etməyə çalışırdıq, bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Buna baxmayaraq, ittihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır.

Bəli, şahidi olduq ki, dövlət başçısının söylədiyi kimi tədbirin başlanmasına sayılı günlər qalmış ittiham və hücunmar daha da artdı. Lakin bu qaraguruhçu qüvvələr heç nəyə nail ola bilmədilər. Çünki onların qarşısında öz ədaləti ilə dünyada tanınan Azərbaycan dayanırdı.

Gün gələcək bizə yaşıl enerjini də irad tutacaqlar…

Dövlətimizin başçısı yuxarıda adını çəkdiyimiz tədbirdə o zaman bizə tutulan iradlardan da söhbət açdı. Bəlkə də hər kəsin bilmədiyi faktları söyləməklə bilməsinə səbəb oldu ki, həmin vaxt haqqımızda hansı yalanlar uydurulub. Və müəyyən reallıqlardan sonra bu yalanları uyduranlar susub yerlərində oturdular: O ki qaldı iradlara, bilirsiniz, o vaxt da bizə başqa iradlar tuturdular. Bəlkə də siz də yəqin ki, xatırlayırsınız. Deyirdilər ki, Azərbaycanda neft yoxdur, neft kəmərləri tikilməməlidir, Azərbaycan blef edir, nefti yoxdur, nə bilim yalan məlumatlar ötürür. Bu günə qədər “Azəri-Çıraq”dan hasilatımız davam edir. “Şahdəniz” müqaviləsi bağlananda sonra da ortalığa bir uydurma atmışdılar ki, Azərbaycanda qaz yoxdur. Azərbaycan özü filan yerdən qaz alır və heç vaxt, heç bir ölkəyə qaz nəql edə bilməz. Artıq səkkiz ölkəyə qaz nəql edirik, bu il bizdə 50 milyard kubmetr hasilat gözlənilir. Onun bir hissəsi yenidən neft laylarına vurulacaq ki, oradan neft hasilatı daha da artsın, bir hissəsi daxili istehlaka yönəldiləcək, 25 milyard kubmetri isə dünya bazarlarına nəql olunacaq. Bu, təkcə mənfəət deyil. Bu, geosiyasi əhəmiyyətdir, bu sahə ilə yaxından tanış olanların hamısı yaxşı bilirlər ki, bu gün qaz amili enerji təhlükəsizliyinin bir nömrəli amilidir. Mən istisna etmirəm, bəlkə də siz haqlısınız, gün gələcək bizə yaşıl enerjini də irad tutacaqlar. Çünki yaşıl enerji ilə bağlı indi üzə çıxan bir çox məqamlar var ki, insanları və qərar qəbul edənləri düşünməyə vadar edir. Yəni, orada o materialların utilizasiyası necə olacaq? Batareyaların, akkumulyatorların taleyi necə olacaq? Yəni, indidən artıq bunun altına da bir mina qoyulur ki, lazım olan vaxtda o, kiminsə başında çatlasın. Amma yenə də deyirəm, bizim atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək.

Dövlət başçısının COP29 Liderlər Sammitinin açılış mərasimindəki nitqi isə bu nöqteyi nəzərdən daha maraqlı oldu: İndi isə mən Azərbaycanın Yaşıl gündəliyi haqqında bir neçə söz söyləmək istərdim. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir.

COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir.

Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq.

Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır.

Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.

COP29 bu istiqamətdə çox önəmli bir addım olacaq. Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağızlarını büzənlər var ki, nəyə lazımdı, qoyun rahat yaşayaq. Yenə tədbir olacaq, yenə qonaq gələcək. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələr tamamilə başqa məcrada inkişaf edir. Ənənəvi mövzulardan başqa, bu mövzu və buna paralel olan mövzular da daxil edilir.

Kiçik dövlətdən böyük dövlətlərə nümunə

Maraqlıdır, nə üçün Qərb neft və qazla zəngin ölkələrin COP-la bağlı tədbir keçirməsinə bu qədər qəribə baxır. Axı əslində bu tədbirin məhz belə ölkələrdə keçirilməsi vacibdir. O mənada ki, dünya görməlidir ki, hansı ölkənin iqlim dəyişmələrində rolu var, hansının yoxdur. Hansı ölkə bu beynəlxalq təşəbbüsün yanındadır, hansı yox. Bəlkə neft və qazla zəngin ölkələr arasında elə bir təşəbbüslə çıxış edəni olacaq ki, bu, bütün dünyanı xilas edəcək. Nə üçün Qərb bunları deyil, məhz neft və qazla zəngin ölkə olaraq COP-un Azərbaycanda keçirilməsinin üzərində dayanıb. Bir çox ilklərə imza atan Azərbaycan bəlkə elə bu tədbirlə dünyanın xilası layihəsini ortaya qoyacaq.

Düşünürəm ki, Qərb də bunu çox gözəl bilir. Azərbaycanın nəyə qadir olduğunu dərk edir. Məsələ COP-un Azərbaycanda keçirilməsi deyil, kiçik dövlətlərin bu qədər böyük tədbirlərə ev sahibliyi etməsi dərdidir. Lakin əminliklə demək olar ki, Azərbaycan bu tədbiri elə yüksək səviyyədə başa vuracaq ki, bu kiçik dövlətdən dünyanın ən böyük dövlətlərinə nümunə olacaq. Dövlətimizin başçısının da dediyi kimi: Mən artıq qeyd etdim, inkişafda olan 50-dən çox kiçik ada dövlətləri var. Onlar üçün biz xüsusi fond təsis edirik və o fonda əhəmiyyətli dərəcədə vəsait də qoyacağıq. Onlara kömək göstərəcəyik. Əlbəttə, onlar bizim təbii müttəfiqlərimizə çevriləcək və mən digər ölkələri sadalamıram. Biz bu addımları atmaqla ölkəmizi böyük dərəcədə gücləndiririk və bu gün burada bizim COP nümayəndələri, komandamız iştirak edir. Onlar da çox fəal işləyir və mən demişəm, siz xarici ölkələrdə işləməlisiniz, bütün dünyanı dolaşmalısınız ki, Azərbaycanın mövqeyini, Azərbaycanın gündəliyini bütün tərəf-müqabillərinə çatdırasınız.

Mətanət Məmmədova

Seçilən
69
sesqazeti.az

1Mənbələr