AZ

Siyasi şərhçi: "Azərbaycanın Ukrayna olmaması Avropanın və Qərbin xoşuna gəlmədi"  

COP29 Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. O qeyd edib ki, bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar: "Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

Qərb dairələri COP29-u boykotu təşviq etdilər. Amma COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Bu, onlara ən yaxşı cavabdır" - deyə ölkə başçısı bildirib.

Qeyd edək ki, COP 29 iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq səylərin müzakirə olunduğu mühüm tədbirdir və burada iştirak etməyən ölkələrə qarşı beynəlxalq aləmdə ciddi tənqidlər var. Bu ölkələrin tədbirdən kənarda qalması qlobal iqlim məqsədlərinə zərbə vurur və bu da beynəlxalq ictimaiyyətdə narazılıq doğurur. Müşahidəçilər və iqlim fəalları bəzi ölkələrin tədbirə qatılmama səbəbini iqlim dəyişikliyi məsələsində siyasi və iqtisadi maraqlarını ön plana qoymaları ilə əlaqələndirirlər. 

 WhatsApp

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, tarixi proseslər onu deməyə əsas verir ki, Avropa dövlətləri də daxil bir çox dövlət və qurumların nümayəndələri və səlahiyyətli orqanları hər hansısa bir məsələyə fikir bildirdiyi zaman maraqlardan çıxış edirlər:

"Əlbəttə, bu ola bilsin çeynənmiş bir ifadə kimi səslənə bilər. Amma bunun əsl mahiyyətini açanda, bir sıra məqamların ortaya çıxdığını görürük.  Otuz il Azərbaycan torpaqları işğal altında oldu. Yeltsin dövründə Avropanın və Qərbin ümumən Rusiya ilə yaxşı əlaqələri vardı. Məhz bu dövrdə heç bir Avropa qurumu Ermənistanın Azərbaycana qarşı işğal müharibəsi ilə bağlı konkret, dəqiq sərhədləri olan söz demədi. Çünki o zaman maraqlar bunu tələb edirdi. Rusiya ilə ziddiyyətlər fonunda baxmırdılar məsələlərə. İndi isə məsələ dəyişib. Azərbaycan öz müstəqilliyini, 44 günlük müharibədə qazandığı nailiyyətləri və təhlükəsizliyini qorumaq üçün balanslı bir siyasət yürüdür. Avropaya deyir ki, gəl tərəfdaş olaq, onsuz da sənin neftə-qaza ehtiyacın var. Çinlə ticarət əlaqələrini genişləndirib. Amerikanın iqtisadi üstünlüyündən xilas olmaq istəyirsən. Mən də sənə öz tranzit yollarımı verirəm. Bununla yanaşı Rusiya ilə də münasibətləri Azərbaycan özünün təhlükəsizlik maraqları üzərində qurur. Bəzi dövlətlər kimi Qərbin fetvası ilə Rusiyaya müharibə açmır. Daha doğrusu, elə siyasət aparmır ki, Rusiya ilə müharibə vəziyyətinə düşsün. Rusiyanın böyük və güclü dövlət olduğunu nəzərə alır. Buna görə də, onunla iqtisadi və siyasi əməkdaşlıq edir. Digər tərəfdən, qardaş Türkiyə ilə hərbi və siyasi müttəfiqlik əlaqələrini qoruyur. Eyni zamanda, digər konfiqurasiya olan Türk Dövlətləri Təşkilatının çətiri altında yeni geosiyasi konfiqurasiyada fəaliyyət göstərir".

Siyasi şərhçi əlavə edib ki, zaman-zaman Cənub qonşusu İranla problemləri olsa da, bu sahədə də ölkəmiz emosional hərəkət etmir, əməkdaşlıq və problemlərin müzakirə yolu ilə nizamlanması yolunu tutur: "Bütün bunlar Qərb qurumlarını o qədər də razı salmır. Əslində, COP-29 bir iqlim tədbiridir. Buna görə də ona münasibət kontekstinə uyğun olmalıdır. Yəni hansısa bir siyasi mahiyyətli tədbir deyildir. Daha dəqiq desək, burada siyasi məsələ, yaxud da demokratiyanın keyfiyyəti müzakirə edilmir. Burada iştirak edən dövlətlərin siyasi sistemlərində də, demokratiya anlayışlarında da, hüquqi nizamlarında da fərqlər vardır. Məsələn, burada İran dövləti var İslami əsaslarda bir dövlətdir. Avropa konstitusiyalı monarxiyaları vardır. Afrika dövlətləri vardır. Eyni ilə BMT kimi. Bu da elə bu səpkili tədbir deyilmi? Əgər boykota qalsa dünyada o qədər boykot ediləsi dövlətlər vardır. Dünyanın gözü qarşısında Qəzzada bir fəlakət var. Avropanın sülh tərəfdarları insanları, təşkilatları və sadə insanları buna etiraz edir. Amma biz Avropanın bu qurumlarından məsələyə sükut görürük. İndi ona görə sözümün əvvəlinə gəlirəm. Maraqlar oynayanda əslində demokratiya da, dəyərlər də yaddan çıxır. Avropa Azərbaycanı da Ukrayna kimi görmək istəyir. Mən Ukrayna savaşa girən gündən dedim ki, sonunda Ukrayna meydanda tək qalacaq, çox güman ki, bölünəcək. O zaman, yox Ukrayna qalib gələcək deyən ekspertlər indi mənim müharibə başlayanda dediklərimi deyirlər. Azərbaycanın Ukrayna olmaması Avropanın və Qərbin xoşuna gəlmədi..."

 

Afaq Mirayiq,

Musavat.com

Seçilən
31
50
musavat.com

10Mənbələr