AZ

“Abzas Media”nın həbsdə olan jurnalistlərinin telefon danışıqları 2 dəqiqəyə endirilib

“Abzas Media”nın həbsdə olan jurnalistlərinin yaxınları ilə telefon danışıqları 15 dəqiqədən 2 dəqiqəyə endirilib. Bu məhdudiyyət Bakıda COP29 beynəlxalq iqlim konfransının keçirilməsilə əlaqədardır.

“Abzas Media”nın baş redaktoru, həbsdə olan Sevinc Vaqifqızının anası bildirib ki, onunla telefon danışığı başlayan kimi kəsilib.

"Sevinc dedi ki, COP29 səbəbilə telefon danışıqlarını iki dəqiqəyə endiriblər. Onlara deyiblər ki, qohumlarınızın sizin səsinizi eşitməsi kifayətdir. Bundan əvvəl görüşləri ləğv etdilər, indi də telefon danışıqları azaldıldı", - jurnalistin anası Ofeliya Məhərrəmova deyib

“Abzas Media”nın saytındakı məlumatda qeyd olunur ki, bu iş üzrə  həbs olunan digər şəxslərin telefon danışıqlarının vaxtı da bir-iki dəqiqəyə endirilib. Bundan əlavə, son vaxtlar “Abzas Media”nın jurnalistlərini məhkəmə iclaslarına aparmayıblar və proseslər onlayn keçirilib.

* 2023-cü ilin noyabrında-2024-cü ilin yanvarında "Abzas Media işi" üzrə altı jurnalist və media işçisi həbs edilib. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs edilib. Əvvəlcə onların hamısını Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərəfindən qaçaqmalçılıq) ittiham ediblər.

Lakin avqustun 16-19-da ittihamlar sərtləşdirilib  - Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət yoluyla əldə olunmuş gəlirlərin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə); habelə 213.2.1 (qrup şəklində vergidən yayınma) maddələri.

Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. Jurnalistlər bütün ittihamları rədd edirlər.

Seçilən
8
turan.az

1Mənbələr