AZ

Qərbin riyakarlığı bir daha faş oldu

Prezident İlham Əliyev noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı bir sıra məsələlərə münasibət bildirdi. Dövlətimizin başçısı Azərbaycanı neft-qaz hasil etməsinə görə tənqid edən dairələrə də tutarlı cavab verdi.

Prezident Azərbaycanın yaşıl gündəliyi haqqında fikirlərini bölüşdükdən, bərpaolunan enerjidə potensialımız barədə rəqəmləri səsləndirdikdən, Günəş, külək və hidroenerji stansiyalarının tikilməsinə dair bəzi planları açıqladıqdan sonra dedi: “İndi isə mən enerji təhlükəsizliyinin digər seqmenti haqqında bir neçə söz söyləmək istərdim. Bu da neft və qazla bağlıdır. Anlayıram ki, bu mövzu iqlim dəyişmələrinə aid konfransda o qədər də populyar deyil. Lakin bunsuz mənim şərhlərim tam olmazdı. Sadəcə, bir informasiya ilə başlamaq istərdim. Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. O, buradan uzaq yerdə yerləşmir və həmin yerə 10–15 dəqiqəlik yoldur. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü”.

Cənab İlham Əliyev bildirdi ki, əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. “Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

Yaxşı olardı ki, ən azı, onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.”

Dövlətimizin başçısı bildirdi ki, Qərbin yalan xəbər mediası, “müstəqil QHT-ləri” və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir.

Prezident qeyd etdi ki, ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir.

Həqiqətən də, Azərbaycan COP29-un ölkəmizdə keçirilməsinə dair qərar verilən gündən qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrilib. Anti-Azərbaycançı qüvvələr iqlim dəyişmələri kimi bütün dünyanı təhdid edən bu tədbiri siyasiləşdirərək, onu ölkəmizə qarşı hücum üçün fürsətə çeviriblər. Onlar bu mötəbər tədbirdən istifadə edərək, ölkəmizin imicini ləkələməyə, nüfuzuna xələl gətirməyə çalışırlar. Hər gün ölkəmizlə bağlı beynəlxalq mediada qərəzli, sifarişli məqalələr dərc etdirir, bəyanatlar verir, müxtəlif təşəbbüslər irəli sürürlər.

Bu istiqamətdə fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, biz bir sıra sistemli şəbəkələr tərəfindən ölkəmizə qarşı Qərbin bəzi media orqanlarında aparılan qarayaxma və böhtan kampaniyası ilə üz-üzəyik. Onun sözlərinə görə, bu kampaniyanın məqsədi bəllidir. Məqsəd Azərbaycanı olmazın məsələlərdə təqsirləndirmək, dünya ictimaiyyətinin gözündə ölkəmizi, eyni zamanda, COP29-u nüfuzdan salmaqdır. Onların əsas böhtanlarından biri də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən qaynaqlanır. Amma nə dəyişdi? Dəyişən məsələlər yalnız bizim xeyrimizə oldu. Ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Müstəqil siyasətimiz davam edir. Əlbəttə, bu, bir çoxlarına sərf etmir: “Hazırda Qərbdəki bəzi qruplar dünyanı istədikləri kimi idarə etmək istəyirlər. Onlar ayrı-ayrı dövlətlərdə, o cümlədən bəzi postsovet ölkələrində özləri üçün marionet liderləri hakimiyyətə gətirdilər. Nəticə etibarilə bu, həm bəzi ölkələrin xarici siyasətinin müxtəlif qruplar tərəfindən yönləndirilməsinə, həm də iqtisadiyyatlarının əllərindən alınmasına gətirib çıxarmaqdadır. Uzağa getmək lazım deyil. Rusiya–Ukrayna müharibəsinin nəticələrinə biz bir müddət sonra şahidlik edəcəyik. Bir müddət sonra bəzi ölkələrin ərazilərində kənd təsərrüfatına yararlı nəhəng ərazilərin kimlərsə tərəfindən icarəyə götürüldüyü, yaxud satın alındığı aşkara çıxacaq. Postsovet məkanının digər ölkələrində böyük korporasiyaların gizli şəkildə özləri üçün biznes şəbəkələri qurduqlarını da yaxşı bilirik. Azərbaycanda isə onların işləri alınmadığı üçün bir yolları qalırdı ki, bu da qarayaxma kampaniyasına start vermək və ölkəni ittiham etməkdir”.

Politoloq dedi ki, əgər məsələ insan hüquqları və demokratiya ilə bağlıdırsa, bu mövzuda Qərbin bir çox ölkələrə, o cümlədən Yaxın Şərq dövlətlərinə sualları çox olmalı idi: “Bəs niyə yoxdur?! Əgər məsələ neft və qazdadırsa, biz görürük ki, neft-qaz hasil edən ölkələrdə bizdən əvvəl də COP tədbirləri keçirilib. Amma onlarla bağlı bircə tənqidi fikir səsləndirilməyib. Bir dəfə də deyilməyib ki, digər COP tədbirləri keçirən ölkələr yaşıl gündəliyin müzakirəsində səmimi deyillər. Amma Azərbaycanla bağlı bunu deyirlər. Halbuki, Prezident İlham Əliyev çox əsaslı şəkildə bildirdi ki, əgər biz bu gün Azərbaycanın qlobal neft-qaz hasilatındakı roluna baxsaq, görərik ki, ölkəmiz qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Yəni bunlar kifayət qədər aşağı rəqəmlərdir. Bu rəqəmlərə əsaslanaraq Azərbaycanı neft-qaz ölkəsi adlandırmaq doğru deyil. Əlbəttə, Azərbaycan bir sıra ölkələrə neft-qaz ixrac edir. İki il əvvəl Bakı və Brüssel Avropa Komissiyasının təklifi ilə enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atıblar. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi, əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

Z.Məmmədovun sözlərinə görə, 2022-ci ilin fevralında Rusiya–Ukrayna müharibəsi başlamış, geosiyasi vəziyyət dəyişmiş və Avropaya Azərbaycan mavi yanacağı lazım olmuşdu: “Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəlmişdi. Biz bu nümunədə də ikili standartların ölkəmizə qarşı necə istifadə olunduğunu aydın görürük. Deməli, Qərb özünə lazım olanda enerji resurslarının ixracının artırılmasını xahiş edir, vəziyyət nisbətən sabitləşəndə isə bu məsələni kampaniyaya çevirməyə başlayır. Hər halda Qərbin müxtəlif media orqanlarında ölkəmizə qarşı aparılan fəaliyyət, bizi müxtəlif sövdələşmələrdə ittiham etmələri, əlbəttə, təsadüfi deyil”.

Bu kampaniyanın ölkəmizin imicinə təsir edib-etməməsinə gəldikdə isə müsahibimiz bildirdi ki, Bakıya gələn qonaqlar özləri hər bir məqama şahidlik etdilər. Bütün rəyi soruşulanlar deyirlər ki, Azərbaycan çox qonaqpərvər, inkişaf etmiş, sivil dövlətdir. COP29-da iştirak üçün gələnlər sübut etdilər ki, onlar qlobal çağırışlara cavab verilməsinə, qlobal problemlərin həllini tapmasına bundan sonra da məsuliyyətlə yanaşacaqlar. Planetimizin gələcək ekoloji vəziyyətinin necə olacağı COP29-da iştirak etməməyə çağıran media orqanlarının, ölkələrin, müxtəlif dairələrin heç veclərinə də deyil. Məhz böyük ərazilərə malik, siyasi, hərbi və iqtisadi cəhətdən güclü dövlətlər ekologiyanın və ətraf mühitin çirklənməsində xüsusi rol oynayırlar. Hətta, bir-biri ilə razılığa gələ bilmirlər. Əlbəttə, onların əsas məqsədi daha da varlanmaqdır. Onlar dünyanın gələcəyini deyil, şəxsi mənfəətlərini və təmsil etdikləri dövlətlərin mənafeyini düşünürlər.

COP29 müstəvisində ölkəmizə qarşı qərəzin bir istiqaməti də dövlətlərin bir-biri ilə razılığa gələ bilməsinə imkan verməməkdir. Çalışırlar ki, ölkələr COP çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmasınlar və iqlim dəyişikliyinə qarşı sistemli mübarizə apara bilməsinlər. Amma COP29-da qərarlar qəbul edilməkdədir. Dünya ictimaiyyəti kimin kim olduğunu bir daha görməkdədir.

Politoloq Ramiyə Məmmədova isə bildirdi ki, COP29-un keçirilməsi üçün evsahibliyi etmək istəyi Azərbaycan dövlətinin qlobal iqlim məsələlərinə, ətraf mühit problemlərinə diqqətlə yanaşdığının göstəricisidir. Onun sözlərinə görə, hazırlıq üçün cəmi 11 ay vaxtımızın olmasına baxmayaraq, Bakı tədbirin yüksək səviyyədə təşkilinə nail ola bilib: “Biz bu gün Qərbdəki bəzi dairələrə göstərdik ki, Azərbaycan güclü, eyni zamanda, məsuliyyətli dövlətdir. Ancaq ölkəmiz inkişaf etdikcə, bədxahlarımızın da sayı artır. Bizə qarşı hibrid mübarizə vasitələrindən istifadə edirlər. Dezinformasiyalar yayırlar, saxta təbliğatlar aparırlar. Əlbəttə, Azərbaycan neft-qaz hasil edir, amma bizi neft ölkəsi adlandırmaq doğru deyil. Hasil edilən neft-qaz isə bizim əleyhimizə işlər görən ölkələrin xahişi ilə onlara ixrac olunur. Avropa dövlətləri bu mənada Azərbaycan kimi ölkələrdən asılıdırlar”.

Siyasi şərhçi qeyd etdi ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasəti gözdən salmaq istəyən bu dairələr, əslində, ölkəmizə həsəd aparırlar. Həmin dövlətlər ölkəmizin uğurlarına qısqanclıqla yanaşır, xüsusilə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməyimizi bizə heç cür bağışlaya bilmirlər: “Prezident Liderlər Sammitinin açılış mərasimində bu barədə konkret danışdı. Zənnimcə, dövlətimizin başçısının bu çıxışı onlara layiqli cavab olacaq. Bu cavabın dünyanın diqqət mərkəzində olan tədbirdə verilməsi də mühüm əhəmiyyətə malikdir. Bu gün, necə deyərlər, sinələrinə döyən bəzi ölkələrin rəhbərləri Azərbaycanın gördüyü işləri qısqanclıqla qarşılayırlar.”

Səxavət HƏMİD
XQ

Seçilən
28
50
xalqqazeti.az

10Mənbələr