AZ

Zəfər Parkı gələcək nəsillər üçün bir ərməğandır

"Bakıda yaradılmış Zəfər Parkı Vətən müharibəsində qazanılan tarixi qələbəni tərənnüm edir. Bu möhtəşəm abidə Zəfər Gününü və xalqımızın sarsılmaz birliyini təcəssüm etdirir. Noyabrın 8-də Prezident İlham Əliyev Zəfər Parkının açılışını etdi. Bu hadisə xalqımızın zəfər səlnaməsinin mühüm tərkib hissəsidir ". Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Park və abidə Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradır. "Dəmir yumruq" Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzidir.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Zəfər Parkının açılışı zamanı xalqa müraciətində Vətən müharibəsində qazanılan tarixi qələbə, qələbədən sonra keçilən yol, regionda hazırkı vəziyyət haqqında fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Cənab Prezident xatırladıb ki, qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Bununla bağlı Prezident İlham Əliyev müraciətində qeyd edib: "Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi. Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi,gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox".

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın tərəfdarıdır. Bu məqsədlə Ermənistanla sülh sazişi imzalanması təşəbbüsü ilə çıxış edib. Hazırda sülh sazişi üzrə danışıqlar davam edir. Lakin müəyyən beynəlxalq güclər öz maraqları naminə bölgəmizdə sülhün olmasını istəmir. Bu məqsədlə Ermənistana hansısa vədlər verir, onu silahlandırırlar. Dövlət başçısının dediyi kimi, indi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Həmin dairələr Ermənistanın işğalçılıq siyasətinin nəticələrini, müharibə cinayətlərini görməzdən gəlir və bütün bunları unutdurmaq istəyirlər. Lakin bu mümkün deyil. Biz heç vaxt bunu unutmayacağıq və bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Deputat hesab edir ki, Prezident cənab İlham Əliyevin açılışını etdiyi Zəfər Parkı da gələcək nəsillər üçün bir ərməğandır. Bu park və abidə həm vətəndaşlarımızın, həm də xarici qonaqların sıx ziyarət edəcəyi məkan olacaq.

Seçilən
37
1
sesqazeti.az

4Mənbələr