AZ

Gürcüstan müxalifəti mandatlarının ləğvini istəyib - “Gürcü arzusu” isə onları xəyanətdə ittiham edir

Gürcüstanın Qərb yönümlü müxalifəti deputat mandatından imtina edərək yeni parlamentin tərkibindən çıxıb. Oktyabrın 26-da keçirilən mübahisəli seçkinin sonuclarını tanımayan müxalifət genişmiqyaslı pozuntular olduğunu və seçkinin Rusiya müdaxiləsi fonunda aparıldığını iddia edib.

İki əsas partiyanın – "Vahid Milli Hərəkat" və "Dəyişikliklər uğrunda Koalisiya"nın təmsilçiləri Mərkəzi Seçki Komissiyasına üz tutaraq partiya siyahılarının ləğv edilməsini istəyib.

"Burada olub, bu parlamenti legitimləşdirməklə hökumətə kömək etməyəcəyik!", - "Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nina Qvaxariyanın deyib.

Buna cavab olaraq, hakim "Gürcü arzusu" bir sıra müxalifət partiyasının fəaliyyətini qanundankənar elan etdirmək üçün Konstitusiya Məhkəməsinə şikayət ünvanlayacağını bildirib. "Vahid Milli Hərəkat"ı vətənə xəyanətdə suçlayan "Gürcü arzusu" bundan ötrü yetərli sayda sübuta sahib olduğunu da deyib.

Olub-bitənlər ölkənin Avropayönümlü prezidenti Salome Zurabişvilinin seçki sonuclarının həqiqiliyini qəbul etməməsindən və yeni seçkilər keçirilməsinə çağırmasından sonraya təsadüf edir.

Rusiyaya yaxınlığı ilə seçilən, 12 ildir ölkəni yönəldən "Gürcü arzusu" qələbəsini elan edəndən bəri müxalifət hər gün paytaxt Tbilisidə etiraz aksiyaları keçirir.

"Biz onların cinayətlərinin şahidiyik. Bu üzdən, onlar bizdən qorxurlar. Onlarda heç nə alınmayacaq", - "Güclü Gürcüstan" partiyasının liderlərindən Anna Natsvişvili yerli mətbuata belı deyib.

Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu isə iqtidar partiyasının 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyi iddia olunub.

“AzPolitika.info”

Seçilən
64
azpolitika.info

1Mənbələr