İspaniya La Liqasının rəhbəri Xavyer Tebas milli birinciliyin cari vəziyyətdən söhbət açaraq, “Real”ın “bostanına daş atmaq”dan çəkinməyib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Tebas müsahibəsində “qaymaqlılar”ın yeni transferi, fransalı ulduz hücumçu Kilian Mbappenin gəlişi ilə “Real”ın La Liqada heç də üstünlük qazanmadığı qənaətini, futbol gerçəyi ilə əlaqələndirib:
“Barselona” iki il əvvəl La Liqanı qazanmışdı, futbol riyaziyyat deyil. Mbappe gələndə hamı deyirdi ki, “Real” üstünlük qazanıb ağalıq edəcək, amma futbol belə deyil. Uyğunlaşmaq gərəkdir, bunlar insanlardır… xoşbəxtlikdən futbol belə deyil. Elə vəziyyətlər olur ki, Mbappe gəlir və “Real” hamını əzmir, ya da sona üç tur qalmış çempionluq uğrunda mübarizə aparan “Jirona” kimi. “Barselona” indi əla formadadır. Bu, daha da qiymətləndirilir, çünki heç kim bunu gözləmirdi”, deyə Tebas əzəli rəqiblər arasında rəqabəti qızışdıracaq fikrini tamamlayıb.
Xatırladaq ki, La Liqanın 13 turundan 33 xal toplamış “Barselona” yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Real”ı isə 12 turdan sonra topladığı 27 xalla 2-ci pillədən “blauqrana”nı təqib edir.