AZ

“RUSİYA VƏ UKRAYNA DAYANMALIDIR” – Tramp yenə vəd verir, Rusiyanın hücumları daha da şiddətlənir

ABŞ-nin seçilmiş yeni Prezidenti Donald Tramp seçkidən sonra demək olar, ilk dəfə Ukrayna müharibəsilə bağlı məqsədini açıqlayıb. Daha doğrusu, əvvəllər dediklərini bir qədər fərqli şəkildə yenidən təkrarlayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Trampın dediyinə görə, onun administrasiyası bütün diqqətini Rusiyanın Ukraynaya qarşı müharibəsinə yönəldəcək: "Biz Rusiya və Ukrayna ilə çox israrla işləyəcəyik. Bu (müharibə - red.) dayandırılmalıdır. Rusiya və Ukrayna dayanmalıdır. Biz bunun üzərində işləyəcəyik”.

“CNN” qeyd edir ki, Floridada keçirilən tədbir zamanı Tramp müharibə nəticəsində ölənlərə görə əsgər və ya dinc əhali olmasından asılı olmayaraq təəssüfləndiyini bildirib.

Bundan öncə “Washington Post” öz mənbələrinə istinadla yazıb ki, Tramp guya Ukraynanı Rusiya Federasiyasına güzəştə getməyə və Ukrayna ərazilərini, xüsusən Krımı və Donbası onun nəzarəti altına verməyə çalışır. Trampın seçki kampaniyasının müşaviri Ceyson Miller bu məlumatları saxta adlandırıb. Həmçinin, guya Trampın seçilməsindən sonra onun Putinlə telefon danışığının olması barədə məlumat da təsdiqini tapmayıb.

Xatırladaq ki, daha əvvəl seçkilərdə qalib gəldiyini bəyan edən Tramp dünyada müharibələrə son qoymağı planlaşdırdığını demişdi. O dəfələrlə bəyan edib ki, ikinci prezidentlik müddətinə seçildikdən dərhal sonra, hətta Ağ Evə girmədən 24 saat ərzində Ukraynadakı müharibəyə son qoyacaq: “Mən Zelenskiyə deyərdim: “Bəsdir. Müqavilə bağlamalısınız. Mən Putinə deyərdim: əgər razılaşmasan, ona (Ukraynaya-red.) çox şey verəcəyik. Biz lazım gəlsə (Ukraynaya) onların indiyədək aldıqlarından çox verəcəyik. Mən bir günə razılaşma ələ edəcəm. Bir günə!”

Trampın seçilməsindən 10 gün ötüb. Hələ ki, onun bu vədləri havadan asılı vəziyyətdədir. Bu müddət ərzində Vladimir Putin onu təbrik edərək, nisbətən yumşaq açıqlamalar versə də, “onun ağzıyla danışan” Rusiya XİN başçısı Sergey Lavrov Kremlin hər hansı güzəştə getməyəcəyinə, işğalın davam edəcəyinə, Rusiyanın yalnız öz şərtləri, yəni, Ukraynanın kapitulyasiyası, suverenliyinin məhdudlaşdırılması, ərazi itkilərinin rəsmiləşdirilməsi və s. qarşılığında razılığa gedə biləcəyinə işarə edən bəyanatlar verib.

Cəbhədə isə Rusiyanın hücumları daha da şiddətlənib. Buna paralel olaraq, Ukraynanın dinc şəhərləri ardıcıl olaraq bir neçə gündür ki, intensiv şəkildə raket və PUA hücumları ilə bombalanır. Son olaraq bu gün səhər Odessa şəhərinə kütləvi raket və PUA hücumu olub, yaşayış binaları dağıdılıb, mülki infrastruktura zərər vurulub, dinc əhali arasında itkilər var. Yəni, Rusiya özünün “işğal proqramı”nı qətiyyən asqıya alana bənzəmir və bunlar heç də sülhə hazır olan tərəfin addımlarına oxşamır…

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
29
50
azpolitika.info

10Mənbələr