AZ

Zəfər parkı qələbəmizin simvolu ŞƏRH

Tarixi Zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Artıq 4 ildir ki, Müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur. Bu il Bakıda noyabrın 8-də açılışı olan Zəfər Parkı da Azərbaycan xalqının 2020-ci ilin 44 günlük Vətən Müharibəsindəki qələbəsini simvolizə edən bir layihədir. 2020-ci ilin 8 noyabrı, həm də Şuşanın azad edilməsi ilə bağlı tarixi bir gündür və bu səbəbdən Zəfər Parkının açılışı bu tarixə təsadüf edib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Cənab Prezident Zəfər parkından birbaşa xalqa müraciət edib: “Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm.Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”. Prezident çıxışında, 2020-ci ilin 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqı üçün tarixi bir zəfər olduğunu qeyd etdi. İllərdən bəri həsrətini çəkdiyimiz, 4 ildir ki sevincini yaşadığımız Zəfər qəhrəmanlıq və hünər sayəsində əldə olundu. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradaraq yenilməz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bir daha təsdiq olundu ki, işğalçı, təcavüzkar məhvə məhkumdur. Düşmən üzərində qazanılmış bu möhtəşəm qələbədə hər bir əsgərin, hər bir zabitin payı var. Zəfər parkı Azərbaycan xalqının milli ruhunu, birlik və vətənpərvərlik hissini gücləndirir. Zəfər Parkı həm də bir növ Azərbaycan xalqının qələbə rəmzidir. Burada, müharibədə şəhid olanların xatirəsi yad edilir və onların qəhrəmanlığı bu park vasitəsilə unudulmaz hala gəlir. Zəfər parkı qəhrəmanları daim özündə yaşadacaqdır. Eyni zamanda park qəhrəmanların, cəsurların məskəninə çevriləcəkdir. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Seçilən
26
sesqazeti.az

1Mənbələr