AZ

"Yalnız qələbəyə köklənmişik" - Musa Qurbanlı

style='margin-bottom:10px;'>

"Əvvəlcə hamınızı salamlayıram. Artıq 5 gündür ki, Qəbələdə təlim-məşq toplanışındayıq. Estoniya ilə matç bizim üçün çox vacibdir. Oyuna həm taktiki, həm də psixoloji baxımdan hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyirik ki, mübarizə aparaq və yaxşı nəticə qazanaq".

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Musa Qurbanlı Millətlər Liqasının 5-ci turunda sabah Estoniyaya qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. 

O, görüş haqqında fkirlərini bölüşdükdən sonrajurnalistlərin suallarını cavablandırb. 

- Azərbaycan millisi sabah qələbə qazanmasa, artıq D Liqasına yuvarlanacaq. Komanda bunun fərqindədirmi? 

- Əlbəttə ki, fərqindəyik. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik. Əzmkar mübarizə aparacağıq ki, layiqli qələbə qazana bilək. 

- Bu mövsüm hələ qol vurmamısınız...

- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey özü yerini tapacaq.

- Fernandu Santuş milliyə baş məşqçi təyin olunandan sonra nəticələr dəyişmədi. Komanda yenə uduzur. Bəs sizcə Santuşun gəlişi yığmada nəyi dəyişib? 

- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşqçidir, nailiyyətləri göz qabağındadır. Bu, mənim onunla ilk təlim-məşq toplanışımdır. Onun öz düşüncələri var. Biz isə oyunçular olaraq lk növbədə buna öyrəşməli, alışmalıyıq. Fernandu Santuşun fəlsəfəsini meydanda 100 faiz həyata keçirməliyik. Düşünürəm ki, bunu edəndən sonra nəticələr daha da yaxşılaşacaq.

- "Yurqorden"də gözlənilən kimi oyun nümayiş etdirmədin. Azərbaycana gələndən sonra da zədələndin. Həmin dövr sənə travma yaşatdı, yoxsa hər şey qaydasındadır?

- Bunu normal qarşılayıram. Amma çətin oldu. Psixoloji baxımdan asan deyildi. Fərqindəydim ki, məndən gözləntilər böyükdür. Çünki gənc azərbaycanlı futbolu kimi Avropaya yollanmışdım. Özümün də özümdən gözləntilərim yüksək idi. Bir az çətinliklər oldu. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır. Çətinliklər olmasa, nailiyyətlər də böyük olmaz. Bundan nəticə, yaxşı mənada dərs çıxarmalıyam. Hər nə qədər çətin olsa da, bu, məni həvəsdən salmamalıdır. Hələ gəncəm, karyeramın əvvəlidir, 22 yaşım var. Hər şey düşündüyüm kimi olmasa da, fikrimcə, bu, mənim üçün yaxşı təcrübə idi. 1 il Avropada, ölkə xaricində futbol oynadım. Çalışacağam ki, dərs çıxarım və gələcəkdə hər şey daha yaxşı olsun.

- İsveç kimi rəqiblərin heyətində Avropada oynayan futbolçular var. Biz Estoniyaya da uduzmuşuq. Sabah yenə onlara qarşı oynayacağıq. Estoniya ilə Azərbaycan millisinin heyətini müqayisə etsək, biz onlardan üstünük?

- Açığı, Estoniyanın futbolçularını, bir-bir tanımıram. Bilmirəm ki, hansı klublarda oynayırlar. Bu, mənim üçün çox da maraqlı deyil. Bəzən çox güclü komanda belə zəiflərə uduzur. Futbolda hər şey mümkündür. Öz oyunumuza köklənsək, öz oyunumuzu maksimum yaxşılaşdırsaq, rəqibi sadəcə taktiki cəhətdən analiz edərək qələbə qazana bilərik. Belə detallara çox fikir vermirəm. Çalışıram ki, meydana çıxıb öz işimi görüm.

- Bu mövsüm hələ zədə səbəbindən milliyə dəvət almamışdın. İndi yığmaya çağırılmağını özün üçün şans olaraq görürsənmi? 

- Əlbəttə. Hər futbolçu millidə oynamaq üçün can atır. Başa düşürəm ki, zədədən təzə qayıtmışam. Bir o qədər oynamamışdım. Amma hər zaman millidə oynamağa hazıram. Baş məşqçi dəvət etdi, mən də çalışacağam ki, əlimdən gələni edim.

Seçilən
42
1
teleqraf.com

1Mənbələr