AZ

“Ermənistan iqtidarı Qarabağdan köçmüş ermənilərin kütləvi dönüşündə maraqlı deyil...” - “Kavkazskiy uzel”

“Qarabağ ermənilərinin qaytarılması məsələsi fərdi qaydada həll edilməlidir. Azərbaycan regionun erməni əhalisinin reinteqrasiyası çərçivəsində Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər üçün xüsusi portal yaradıb. Bölgəni tərk etmiş əhalinin əmlakı dövlət tərəfindən qorunur. Hazırda yaşayış məntəqələri polis qüvvələrinin mühafizəsi altındadır, xüsusi giriş-çıxış rejimi var. Və hər kəs geri qayıda biləcək, onların hüquqları və təhlükəsizliyi Azərbaycan qanunları çərçivəsində təmin olunacaq”.

Moderator.az xəbər verir ki, bu fikirləri “Kavkazskiy uzel”” nəşrinə açıqlamasında hüquq sahəsi üzrə ekspert, vətəndaş cəmiyyəti platformasının üzvü Ələsgər Məmmədli ifadə edib.

Ə.Məmmədli Qarabağdakı mədəniyyət abidələri, sosial-iqtisadi və infrastruktur obyektlərinin də mühafizə altında olduğunu əlavə edib.

Ekspert istisna etməyib ki, Ermənistan Qarabağ ermənilərinin qaytarılması məsələsinin sazişə daxil edilməsini tələb edə bilər. Onun sözlərinə görə, Bakı buna etiraz etmir və Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində niyyətini təsdiqləyib.

Xatırladılır ki, noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana sentyabrın 19-dan sonra gedən Qarabağ sakinlərinin maneəsiz qayıtmasını təmin etməyi və onların mülkiyyət hüquqlarını təsdiq edən sənədləri saxlamağı tapşırıb. Rəsmi Bakı Beynəlxalq Məhkəmənin Ermənistanın iddiası ilə bağlı qərarını alqışlayıb və bunu Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən adlandırıb.

“Məhkəmənin göstərdiyi tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinlərinə qarşı artıq bəyan edilmiş siyasətini nəzərə alır”,- Azərbaycan XİN-in bəyanatında belə deyilir.

Ə. Məmmədlinin fikrincə, “sülh müqaviləsində qayıdış hüquqları məsələsi bir prinsip kimi təsbit oluna bilər, lakin Azərbaycanın hər hansı xüsusi hüquqa malik bir cəmiyyət kimi ermənilərin repatriasiyasını təmin etmək üçün xüsusi öhdəliyi kimi deyil”.

"Ermənistan belə bir qayıdış ssenarisində israr edərsə, o zaman Azərbaycan azərbaycanlı icmalarının Ermənistana analoji formada qayıtması məsələsini qaldıracaq. 1980-ci illərin sonunda münaqişə nəticəsində Ermənistandan 200 mindən çox azərbaycanlı qovulub. Onlar O vaxtlar “Vardenis”(tarixi Basarkeçər mahalı) və “Krasnoselsk” (tarixi Göyçə mahalı (6 kənd) və Qaraqoyunlu dərəsi (8 kənd) ərazisi) adlanan ən azı iki vilayətdə kompakt yaşayırdılar, onlar mütləq çoxluq təşkil edirdilər. İcmaların kütləvi qayıdış məsələsinin gündəmə gətirilməsi danışıqları yenidən dalana dirəyə bilər”, - deyə ekspert diqqətə çatdırıb.

O, ehtimal edib ki, indiki Ermənistan hakimiyyəti Qarabağdan köçmüş ermənilərinin kütləvi şəkildə geri qayıtmasında maraqlı deyil.

“Bu, Rusiya “sülhməramlı”larına regionda uzun müddət qalmaq üçün əsasların verilməsi demək olardı ki, bu da Ermənistanın ölkəni Rusiya Federasiyasının orbitindən çıxarmaq siyasətinə uyğun gəlmir”, - deyə Məmmədli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan dəymiş ziyana görə kompensasiya tələb edə bilər. "Azərbaycanın 7 rayonu, demək olar ki, tamamilə dağıdılıb, iqtisadiyyata, mədəni-tarixi abidələrə, dini məbədlərə böyük ziyan dəyib. Zərər yüz milyardlarla dollara bərabərdir. Ermənistan əhalisi Qarabağa qayıtmasa, ya da hamısı qayıtmasa, geri qayıtmayanların mənzili və əmlakı vaxtilə Ermənistandan qaçan azərbaycanlılara verilə bilər. Ermənistan hökuməti isə Qarabağdan köçmüş və qayıtmaq istəməyən erməniləri artıq məskunlaşdıracaq", - deyə ekspert vurğulayıb.
Seçilən
647
44
bakuinform.agency

10Mənbələr