AZ

“Rusiya qoşunları Kursku azad edəcək” — Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Donald Trampın seçkilərdə qalib gəlməsi Ukrayna böhranına münasibəti dəyişməyəcək. Onun sözlərinə görə Vaşinqton hər şeyi öz nəzarəti altında saxlamaq istəyir. ABŞ prezidentinin müşaviri Ceyk Sallivan isə bildirib ki, Ukraynadakı münaqişə ABŞ-nin milli təhlükəsizliyinə təhdiddir. O, Çin, İranın da ABŞ-ın milli təhlükəsizliyinə əsas təhdidlər olduğunu vurğulayıb.  

Trampın qalib gəlməsinin Rusiya-Ukrayna müharibəsinə təsirini politoloq Tofiq Abbasov şərh edib. T.Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, Tramp prezident seçkilərində qalib gələndən sonra nəzərə çarpan fəallıq nümayiş etdirir:

“Tramp müharibələrə qarşı olduğunu deyir. Düzdür, Trampın dövründə böyük müharibələr baş vermədi, lakin Ukrayna məsələsinə gəldikdə düşünürəm ki, o öz səlahiyyətlərini aşır. Müharibəni dayandırıb-dayandırmamaq imkanları heç də Vaşinqtonun əlində deyil. Bu məsələni Moskva həll edir, çünki bunun adı müharibə də deyil, xüsusi hərbi əməliyyatdır. Putin bu məsələdə çox həssasdır və məsələnin açarı Rusiyanın əlindədir. 

Düşünürəm ki, birinci növbədə Kursk vilayətini Rusiya qoşunları azad edəcək. Digər tərəfdən, Ukrayna yenə ərazi itkilərinə məruz qalacaq. Yəqin ki bir ildən, il yarımdan sonra qarşıdurmaya nöqtə qoyulacaq. Bu müharibə Rusiya üçün bir sınaq idi. Anladı ki, hərbi, hərbi-texniki sahədə hansı boşluqları var. Əminəm ki, Rusiyanın özünün planları var. Müdafiə naziri dəyişdirildi, Baş Qərargahda da yaxın zamanlarda dəyişikliklər olmalıdır. Rusiyanın hərbi-strateji planı dəyişəcək. Müharibənin son fazasında Rusiya çox intensiv hücumlar təşkil edəcək ki, daha çox Ukrayna ərazilərini ələ keçirsin və özünə sərf edən şəkildə atəşkəs danışıqlarına getsin. Zelenskinin isə heç bir planı yoxdur, məğlub durumda dünyanın qarşısında dayanıb. Siyasi imicini itirməməyə çalışır. Rusiyanın məqsədi həm dünya qarşısında, həm də Ukrayna xalqı qarşısında Zelenskini tərki-silah etməklə əməliyyata son qoymaqdır”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
31
demokrat.az

1Mənbələr