AZ

Azərbaycanı təmsil edən jurnalistlər COP29-da layiqincə və peşəkarcasına təmsil olunur - AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a uğurlu ev sahibliyi edir.

Bunu ölkəyə gələn dövlət və hökümət başçıları çıxışlarında da təsdiqləyirlər. Bəs COP29-da media necə iştirak edir, məsələləri necə işıqlandırır?

Mövzu ilə bağlı "Cebhe.info" xəbər portalının direktoru Rafail Becanov Crossmedia.az-a açıqlamasında bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 yüksək səviyyədə davam edir:

"İştirakçı dövlətlərin liderlərinin açıqlamasından da görünür ki, rəsmi Bakı bu tədbirə çox möhtəşəm hazırlaşmışdı və təşkilatçılıq çox yüksək səviyyədə idi. Bu böyük tədbirdə 196 ölkəni təmsil edən 72 min nəfər qeydiyyatdan keçib. Eyni zamanda 80 ölkə Prezident, vitse-prezident, Baş nazir səviyyəsində təmsil olunub. İştirakçı sayına, tədbirin əhəmiyyətinə görə çox böyük tədbirdir. Tədbirin davam etdiyi bu günlərdə heç bir çatışmazlığın şahidi olmadıq. Konfransda 3500 nəfərdən çox jurnalist akkreditasiya olunub. Onların da təəssüratları çox yüksəkdir. Reportajlarda, hazırlanan süjetlərdə bunun şahidi oluruq. COP29-u işıqlandırmaq üçün jurnalistlər də bütün imkanlarla təmin olunub. 6 min kvadratmetrdən çox sahəni əhatə edən Media Mərkəzində 1200 media nümayəndəsinin eyni anda işləyə bilməsi üçün bütün imkanlar mövcuddur. Azərbaycanı təmsil edən jurnalistlər də COP29-da layiqincə və peşəkarcasına təmsil olunur. Hazırlanan reportajlar, videosüjetlər, iştirakçı ölkələrin nümayəndə heyətlərindən alınan açıqlama və müsahibələr də bunu təsdiqləyir. Sessiyanın qarşıya qoyduğu məqsədlər geniş oxucu və izləyici kütləsinə peşəkarlıqla çatdırılır. Yaradılan imkanlar və peşəkarlıq öz sözünü deyir" 

Jurnalistlərin hazırlıq məsələsinə də toxunan R. Becanov qeyd edib ki, bizim jurnalistlər bu tədbirə ciddi hazırlaşırdılar:

"Tədbirə qədər müxtəlif təlimlərdə iştirak etməklə iqlim dəyişikliyi, o cümlədən COP29-un qarşısına qoyduğu məqsədlərin təşviq edilməsində medianın rolunun nədən ibarət olduğunu nəzəri cəhətdən öyrənmişdilər. Bu təlimlərin sırasında Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “COP29 və Dayanıqlı media təcrübələri” mövzusunda təlimləri xüsusi qeyd etmək istərdim. Yüksək səviyyəli ekspertlərin iştirakı ilə keçirilən bu təlimlərdən jurnalistlər xeyli maraqlı məlumatlar öyrəndilər. Təlimlər, peşəkarlıq sayəsində tədbir zamanı da jurnalistlər praktik olaraq öz vəzifələrini bacarıqla yerinə yetirdilər. Bildiyimiz kimi Medianın İnkişaf Agentliyi də bu sessiyada iştirak edir və tədbir çərçivəsində xarici media nümayəndələri üçün 15-22 noyabr tarixlərində mediaturlar təşkil olunacaq. Bu mediaturlar çox vacibdir. Jurnalistlərə ölkəmizin tarix və mədəniyyət abidələri, eyni zamanda tədbirin mahiyyətinə uyğun olaraq enerji mənbələri, bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işlərlə tanış olmaq imkanı yaradılacaq".

"Cebheinfo.az"

Seçilən
18
cebheinfo.az

1Mənbələr