AZ

Məhkəmədə Zaura xəbərdarlıq edilməsi tələb olundu – Oğlu öldürülən ana efirinə çıxmışdı

Bakının Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Məzahir Elşən oğlu Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Medianews.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, ATV-də Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində aparıcı bu cinayət işində adı keçən şahidə təsir edib. Onun sözlərinə görə, Zaur Baxşəliyev efirdə istintaq sirri olan cinayət işinin materiallarını səsləndirib.

Vəkil məhkəmədən televiziya kanalına xəbərdarlıq edilməsini xahiş edib.

Zərərçəkmiş İlham Haqverdiyevin hüquqi varisi, anası Xaliqə Əliyeva televiziyada verilişin aparılmasının qanunla tənzimləndiyini bildirib.

Xaliqə Əliyeva cinayət işinin obyektiv aparılmadığını söyləyib. O, sözügedən verilişdə iştirak etməyə davam edəcəyini bildirib və təqsirləndirilən şəxsin vəkilinin vəsatətinin təmin olunmamasını istəyib.

Dövlət ittihamçısı Valeh Ələkbərov da vəsatətin təmin olunmamasını istəyib.

Daha sonra yerində müşavirə keçirən hakimlər heyəti qərar elan ediblər. Qərara görə, vəkilin vəsatəti qismən təmin olunub və Xaliqə Əliyevaya xəbərdarlıq olunub.

Daha sonra Xaliqə Əliyeva ifadə verib.

Növbəti proses dekabrın 6-da davam edəcək.

İttihama görə, qətl hadisəsi bu ilin martın 6-da, gecə saat 00:15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Qəsəbə ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məzahir Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
46
12
medianews.az

10Mənbələr