AZ

Birlikdə təbiətin keşiyində

Heydər Əliyev Fondu COP29 tədbirlərinə güclü ictimai dəstək verir

Hazırda iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin gücləndirilməsi dünya üzrə ən aktual çağırışlardan birinə çevrilib. Aydın şəkildə dərk olunur ki, qlobal istiləşmənin doğurduğu təhdidlərlə mübarizədə yalnız dövlətlər səviyyəsində fəaliyyətlər kifayət deyil. Bəşəriyyəti xilas etmək naminə cəmiyyətlər səviyyəsində  fəallıq artırılmalıdır.  Hər kəs təbiət və ətraf mühit məsələsinə çox həssas yanaşma sərgiləməlidir.

Bu baxımdan Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi qurum davamlı olaraq ətraf mühitin qorunması ilə bağlı təşəbbüslər irəli sürür və yeni layihələr həyata keçirir. Son bir ildə Birinci vitse-prezident hazırda Bakının böyük uğurla ev sahibliyi etdiyi COP29 konfransına hazırlıq mərhələsində yüksək f?allıq göstərdi. Eyni fəallıq COP29 günlərində də müşahidə olunur. Qurum COP29 tədbirlərinə güclü ictimai dəstək verir. Mehriban xanım Əliyeva konfrans çərçivəsində  müxtəlif tədbirlərə qatılaraq səmərəli ideyalar və təşəbbüslər irəli sürür. Noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans da bu qəbildəndir.

Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində

Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etmək olub. Tədbirdə çıxış edən Mehriban xanım Əliyeva COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanının olacağına əminliyini ifadə edib. “Əziz dostlar, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir”, - deyə Mehriban xanım Əliyeva vurğulayıb.

COP29 çərçivəsində belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Aparılan son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatında (TDT) birləşən dost ölkələr iqlim çağırışlarına xüsusi həssaslıqla yanaşırlar və bu məsələdə həmrəylik ortaya qoyurlar ki, burada birinci xanımların da rolu böyükdür. Məsələn, Türkiyə Respublikasının birinci xanımı Sıfır Atık Fondunun yaradılmasında təşəbbüs göstərib, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə şəxsən töhfə verib. Ötən il Özbəkistan tərəfindən  2024-2030-cu illərə aid iqlim gündəliyində uşaqların və gənclərin iştirakını, o cümlədən dayanıqlı inkişafı təşviq etmək məqsədilə Mərkəzi Asiya Strategiyasının qəbul edilməsi ilə nəticələnən təşəbbüs irəli sürülüb və Özbəkistanın birinci xanımı bu cür mühüm mərama şəxsən himayədarlıq edib. Qırğızıstanın birinci xanımı ətraf mühit gündəliyi barədə maarifləndirmənin artırılmasında, həmin gündəliyə gənclərin qoşulmasında fəal rol oynayıb.

Bəhs olunan fəaliyyətlərə görə dost ölkələrin birinci xanımlarına təşəkkürünü bildirən Mehriban xanım Əliyeva diqqəti dünyanı narahat edən iqlim çağırışlarına yönəldib.

Riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür

COP29-a ev sahibliyi hüququnu öz üzərinə götürməsi ölkəmizin iqlim çağırışlarına həssas yanaşmasının, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfə vermək istəyinin göstəricisidir. Mehriban xanım Əliyevanın bildirdiyi kimi, Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir.

Bununla belə, ötən ilin dekabrında Dubayda COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsdiqləndikdən sonra ölkəmiz bəzi Qərb dairələrinin əsassız hücumlarına məruz qalıb. COP29-u sabotaj etmək istəyən həmin dairələrin bəhanələri budur ki, Azərbaycan neft-qaz ölkəsidir və buna görə də BMT-nin iqlim konfransına ev sahibliyi edə bilməz. Absurd və qərəzli yanaşmadır. Qeyd olunan dairələr reallığı nəzərə almırlar. Bəli, Azərbaycan neft-qaz ölkəsidir. Ancaq bu, Qərb dairələrinin ölkəmizin ünvanına ittihamlar səsləndirmələri üçün əsas sayıla bilməz. Əvvəla, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən ölkədir. Azərbaycanla enerji əməkdaşlığı Avropa İttifaqı məkanı üçün həyati əhəmiyyət daşıyır. O nəticə hasil olur ki, sözügedən dairələr Avropanın ümumi maraqlarına qarşı çıxırlar. Digər tərəfdən, Azərbaycan neft-qaz sahəsində emissiyaları azaltmaq hədəfi müəyyənləşdirib və öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Qərəzli dairələrin “arqumentlərini” puç edən ən mühüm fakt isə ondan ibarətdir ki, qlobal neft-qaz hasilatında Azərbaycanın payı çox azdır. Qlobal istixana tullantılarının cəmi 0,1 faizi Azərbaycanın payına düşür.  Bəs nə üçün iri istehsalçılar və Avropadakı istehlakçılar qınanılmır, Azərbaycan isə əsassız tənqidlərə məruz qalır? Bu, ədalətsizlikdir. Mehriban xanım Əliyevanın vurğuladığı kimi, riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür.

Ölkəmiz yaşıl hədəflərinə doğru

Neft-qaz ölkəsi olmasına rəğmən, Azərbaycan enerji transformasiyasına da güclü siyasi iradə nümayiş etdirir. Bu sahədə ölkəmizin prioritetlərinə diqqət çəkən Mehriban xanım Əliyeva bildirib ki, biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. “Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik”, - deyə birinci xanım vurğulayıb.

Bütövlükdə, Azərbaycanın yaşıl gündəliyi kifayət qədər genişdir. Mehriban xanım Əliyevanın bildirdiyi kimi, biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər “xalis sıfır atılmalar zonası”nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerjisi layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir.

“Azərbaycan. Təbiətin sehrində”

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.

“Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub.

Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.

Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir. Tədbirdə çıxış edən Leyla Əliyeva kitabın hər kəsi təbiəti sevməyə və onu qorumağa səslədiyini bildirib.

Mübariz ABDULLAYEV

Seçilən
44
yeniazerbaycan.com

1Mənbələr