AZ

COP29 ölkəmiz üçün əlavə zəmin və şərait yaradır

Pərviz Heydərov yazır...

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələrin Bakıda keçirilən Konfransı - COP29 uğurla davam edir. Ölkəmizin indiyədək qazandığı siyasi və iqtisadi nüfuzu əyani olaraq bir daha ortaya qoyularaq təsbit olunur. 196 ölkədən aralarında 80 prezident, vitse-prezident və baş nazir olmaqla 72 min nəfərin Bakıya gəlişi heç də az şey ifadə etmir.

Bu, məsələnin birinci tərəfidir. Konfransda bir sıra istiqamətlər üzrə "sözdən nəhayət əmələ keçid" barədə müvafiq qərar və razılaşmaların əldə olunacağına inam isə məsələnin ikinci tərəfidir. Ölkəmiz neft-qaz ölkəsi sayılsa da, yaşıl enerji sahəsində qarşısına qoyduğu hədəf və məqsədlər çox şeyi ifadə edir və bir çox təzahürlər bundan qaynaqlanır.

Ancaq bu haqda bir qədər sonra...

Azərbaycan indiyədək bir sıra beynəlxalq və regional əhəmiyyətli layihələrin müəllifi və icraçısı sayılır. Təkrar edirəm ki, ölkəmiz neft-qaz resurslarına malik ölkələr sırasındadır. O qədər də böyük əraziyə malik olmasaq da, enerji resursları ölkəsi kimi tanınırıq. Bir neçə ildir ki Avropaya, dünya bazarlarına xam neft ixrac edirik. O cümlədən, 4 ildir Avropaya qaz da satırıq və hazırda 10 ölkə bizdən qaz alır.

Hansı ki, getdikcə bu ölkələrin sayı artacaq.

Qeyd etmək istədiyim odur ki, Azərbaycan müəlliflik etdiyi və reallaşdırdığı nəhəng neft-qaz layihələrindən dolayı üzərinə düşən məsuliyyəti, yəni ekologiyanın qayğısına qalmaq, dünyada iqlim şəraitinin yaxşılaşması üçün töhfə vermək, müvafiq əməli nəticələr ortaya qoymaq və sair kimi məsələləri də üzərindən atmır və bütün bu istiqamətlərdə də addım atmağa həmişə hazır olduğunu nümayiş etdirib, etdirir.

Odur ki, Azərbaycan COP29-un ev sahibi olaraq da bütün təşkilati məsələləri yüksək səviyyədə həyata keçirib və gələn qonaqlar da bunu etiraf edirlər. Ümumiyyətlə, bu cür tədbirlərdə böyük təcrübəyə sahib olduğumuzu dəfələrlə nümayiş etdirdiyimizdən, bizə bələddirlər. Qeyd edilənlər baxımından da COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərə daha yaxın gediləcəyi və tez nail olunacağı şübhə doğurmur.

Yəni bu, bir çox dövlət başçılarının bir araya gəlib nəticə hasil etmədiyi tədbirlərdən yox, müzakirələrin gedişində əməli nəticələr əldə edilərək konkret işlərə keçmək üçün müvafiq qərarların qəbulu ilə bağlı razılığa gəlinən tədbirlərdən biridir. Bu mənada Azərbaycanın ev sahibliyi etdiyi tədbirin daha böyük əhəmiyyət kəsb edəcəyi əsas gözləntilər sırasındadır.

Yuxarıda yazdım ki, COP29-da bir sıra istiqamətlər üzrə sözdən nəhayət əmələ keçmək haqda müvafiq qərar və razılaşmaların əldə olunacağına inam çoxdur və bu, həm də ölkəmiz məhz neft-qaz ölkəsi kimi tanınsa da, yaşıl enerji sahəsində qarşısına qoyduğu hədəf və məqsədlərdən irəli gəlir.

Belə ki, ölkəmiz alternativ enerji mənbələrindən istifadə sahəsində çox inamlı, qətiyyətli addımlar atıb və atır, bu sahədə sürətlə irəliləyir. Yəni istər, Birləşmiş Ərəb Əmirliyinin "Masdar" və ondan əvvəl "Acwa Power" şirkətləri ilə günəş və elektrik enerjisinin istehsalı ilə bağlı əməkdaşlığa başlanılması, istərsə də bu günlərdə bp ilə Cəbrayılda yeni külək və günəş elektrik stansiyalarının qurulması faktları göstərir ki, ortada bu sahədə müvafiq inkişaf konsepsiyamız, hədəfimiz və məqsədimiz var.

Qarşıya qoyulan məqsəd və hədəflərdən biri isə ondan ibarətdir ki, Azərbaycan bu gün neft-qaz ixracatçısı kimi tanındığı kimi tezliklə həm də dünyaya "yaşıl enerji" ixracatçısı kimi tanınsın. Çünki, ölkəmizin bərpaolunan enerjidə real texniki potensialı 135 giqavat, dənizdə isə 157 giqavat ölçülür.

Yəni bu, kifayət qədər ciddi rəqəmlərdir.

2030-cu ilə qədər Azərbaycanda altı giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır ki, 10 giqavatlıq bərpaolunan enerji üzrə müqavilə və anlaşma memorandumu imzalanıb.

Çünki Azərbaycanın təbii şəraiti buna əla imkan verir və əsas yaradır. Bunun üçün bizim hər cür imkanımız var və gələcəkdə kənara "yaşıl enerji" ixrac etmək potensialımız mövcuddur. Odur ki, qarşıdakı zaman ərzində bu sahədə daha geniş addımlar atılacaq ki, bu da dünyada ekologiyanın qorunmasına bizim töhfəmiz sayılacaq.

Təkcə bu deyil, ölkəmizin həm də iri və xırda dövlətlərə müxtəlif təbii fəlakətlərlə üzləşdikləri zaman texniki və maliyyə dəstəyi göstərib və göstərir. Prezident İlham Əliyev COP29 çərçivəsində çıxışlarının birində qeyd etdi ki, biz qeyd olunan istiqamətdə köməyimizi bundan sonra da əsirgəməyəcəyik və bunu lazım olduğu təqdirdə davam etdirəcəyik.

Ümumiyyətlə, Azərbaycan sözdən çox əməli addımlar atmağa həmişə hazır olduğunu nümayiş etdirib, bundan sonra da bir çox ölkələrə məsələn, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır, ekologiyanın, ətraf mühitin qorunmasının təşkilidir və sair kimi məsələlərin həllində maliyyə dəstəyə göstərməyə hazır olduğunu açıq bəyan edib və edir.

Bütün bunlar da Azərbaycanın nüfuzunun göstəricisi hesab olunur və dünyada öncül ölkələrdən biri kimi qəbul olunmağımıza əlavə zəmin və şərait yaradır.

Seçilən
73
ekologiya.az

1Mənbələr