AZ

Revanşistlərə və boykotçulara zərbə – Pallone tövbəsini edibmi?

ABŞ-ın ən fəal ermənipərəst siyasətçilərindən biri, Demokrat Partiyasından olan konqresmen Frenk Pallonenin bu gün Bakıya gələrək, COP29 tədbirlərinə qatılması ermənilərə və boykotçular üçün çox pis, hətta şok xəbər sayıla bilər.

“Amerikanın bu mübarizədə iştirak etməkdə davam etdiyini, öhdəliklərimizdən və müttəfiqlərimizdən imtina etməyəcəyimizi nümayiş etdirmək üçün COP29 iqlim konfrbansında iştirakı səbrsizliklə gözləyirəm” – Pallone səfər öncəsi X platformasındakı hesabında yazıb. Elə həmin gün Azərbaycana gələrək, ABŞ-ın COP29-dakı nümayəndə heyətinə qoşulub.

Məlumatlara görə, energetika və ticarət Komitəsinin üzvü olan Pallone bir müddət əvvəl prezident Donald Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını pisləyib. “Amerikanın iqlim sahəsində qlobal lider rolundan imtina etməklə Tramp düşmənlərimizin və rəqiblərimizin bizim özümüzdən sonra qoyacağımız boşluğu doldurmasına imkan verəcək. Amerikanın hələ də bu mübarizədə iştirak etdiyini və nə öhdəliklərimizdən, nə də müttəfiqlərimizdən imtina etmədiyimizi nümayiş etdirmək üçün Tərəflər Konfransında (COP29 – red.) iştirakımı heç vaxt olmadığı qədər səbrsizliklə gözləyirəm. Demokratlar Tramp administrasiyasının ağ təslim bayrağını dalğalandırmasına sadəcə, imkan verməyəcəklər”, - deyə o bildirib.

Bəllidir ki, Pallone Adam Şiff və Robert Menendezlə (sonuncu haqda korrupsiya ittihamı ilə cinayət işi açılıb – red.) birlikdə ABŞ-da əsas ermənipərəst lobbiçilərdən biridir. 44 günlük müharibədən bir il qabaq (2019) o, qanunsuz şəkildə Qarabağa səfər də edib. Bununla bağlı o vaxt Azərbaycan XİN-in sərt bəyanatı olmuşdu.

Təbii ki, F.Pallone də bu qələti edən digərləri kimi, XİN-in “qara siyahısı”nda idi. Lakin Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edəndən sonra rəsmi Bakı xoş məram göstərərək, bir növ “qələbə amnistiya”sı elan edərək, yaxud böyüklük göstərərək, siyahını ləğv edib. İndi qalır Pallone kimilərin tövbə edib günahlarını yuması.

Hərçənd Qarabağda ötən ilki antiterror əməliyyatından sonra da Frenk Pallone Azərbaycana qarşı bəyanatlar səsləndirib, Konqresdə ölkəmiz əleyhinə dinləmələrə qatılıb. İddia edib ki, guya Azərbaycan son antiterror tədbirləri zamanı “beynəlxalq hüququ pozub”...

Bununla belə tövbə etmək yenə gec deyil. Yetər ki, haqsız mövqeyini anlayıb da onu düzəltməyə çalışasan. Pallone bunu bacaracaqmı? Görəcəyik. Onu bu dəfə qanuni şəkildə azad olunmuş Qarabağa aparmaqla günahını yumağa “kömək” eləmək olar.

Hələ ki, onun Bakıda hansı açıqlamalar verəcəyi məlum deyil. O da dəqiq deyil ki, qayıdandan sonra da anti-Azərbaycan fəaliyyətini davam etdirəcək, ya yox. Ancaq bir şey dəqiqdir ki, COP29 üçün Azərbaycana səfər eləməklə, o, artıq boykotçuların mövqeyinə zərbə vurub. Hər necə olmasa, Pallone sıradan biri də sayılmaz. Həmçinin dəqiq olan budur ki, Azərbaycan bununla öz avtoritetini, bölgədə əsas söz sahibi olduğunu və gücünü bir daha dünyaya, özəlliklə Qərbə nümayiş etdirmiş oldu...

Musavat.com

Seçilən
4
10
musavat.com

10Mənbələr