AZ

Makron hökumətində Azərbaycana ədalətli yanaşan yeganə naziri həbsə atırlar...

Image

Akif Nağı: “Raşida Dati də ədalətli mövqeyinə görə Fransa hakimiyyəti tərəfindən bu cür təqiblərə məruz qalır...” 

Fransa prokurorları azərbaycanyönlü mədəniyyət naziri Raşida Datinin mühakimə olunmasını tələb edir. Belə ki, Fransanın maliyyə cinayətləri üzrə prokurorları avtomobil şirkətinin keçmiş rəhbəri Karlos Qon və Fransanın Azərbaycan tərəfdarı olan mədəniyyət naziri Raşida Datinin korrupsiya istintaqı ilə bağlı məhkəmə qarşısına çıxarılmasını tələb ediblər. 

Bu barədə Reuters məhkəmədəki mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, hakim bu tələblə bağlı qərar verməlidir. Müstəntiqlər Fransanın mədəniyyət naziri Raşida Datinin vaxtilə “Renault-Nissan” avtomobil alyansından aldığı məsləhət haqqını araşdırırdılar. Alyans Dati Avropa Parlamentinə namizəd olmaq üçün ədliyyə naziri vəzifəsindən istefa verdikdən sonra onu məsləhətçi kimi işə götürüb.

Dati bu müddət ərzində aldığı ödənişlərdə qanun pozuntusu haqqında deyilənləri rədd edib.  

Qeyd olunur ki, Livana şəxsi təyyarənin göyərtəsində bir qutuda Yaponiyadan qaçan Qon ona qarşı qanunsuz davranış ittihamlarını rədd edib. Fransa, Livan və Braziliya vətəndaşlığına sahib olan Qon 2019-cu ildən bəri Yaponiya tərəfindən verilən İnterpolun qırmızı bildirişinə görə Livanı tərk etməyib.

Mədəniyyət Nazirliyinin nümayəndələri şərh sorğusuna cavab verməyiblər. Renault nümayəndələri və Ghosn-un vəkili də şərh verməkdən imtina ediblər.

Məlum məsələdir ki, Fransanın yeganə obyektiv və Azərbaycana ədalətli münasibət göstərən naziri elə buna görə də məhkəməyə çəkilir. Yayılan xəbərdə Azərbaycanyönümlü olduğu xüsusi vurğulanırsa, onun həbs edilməsi cəhdlərinə başqa ad vermək olmur. Fransanın, xüsusən də Makron hökumətinin Azərbaycana qarşı qərəzli siyasəti, düşmən münasibəti bəllidir. Bu halda mədəniyyət nazirinin Azərbaycana ədalətli münasibətini, təbii ki, Makron hökuməti və onun təsir dairəsində olan məhkəmələr qəbul edə bilmir və qondarma ittihamlarla naziri həbsə atmaq istəyirlər. 

“Bu, Fransa ədalət sisteminin, hüquq-mühafizə orqanlarının həddən artıq çürüdüyündən, ədalət hissini itirdiyindən xəbər verir”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qərb müxtəlif dəyərləri süni şəkildə şişirdir. A.Nağı qeyd etdi ki, Qərb dünyası  istər demokratiya, istər insan haqları, istərsə də guya ədalətli məhkəmə ilə bağlı olan məsələləri şişirtməklə öz mahiyyətini ortaya qoyur, bunun arxasında isə reallıq dayanmır. “Öz maraqlarına uyğun hərəkət edirlər və çox zaman da qərəzli mövqedən çıxış edirlər. Xüsusilə də, Fransa Azərbaycana qarşı qərəzli, ölçüyə sığmayan, ancaq yalana köklənən siyasət yeridir və imkan düşən kimi ölkəmizə qarşı öz aləmində zərbə endirməyə, nüfuzdan salmağa çalışır. Bilirsiz ki, COP29-un gedişində də onlar hələ də çalışıb-əlləşirlər ki, Azərbaycana qarşı hansısa kampaniya təşkil etsinlər, COP29 tədbirinin mahiyyətini, Azərbaycanın təşkilatçılığını kölgə altına salsınlar, yalan informasiyalar yaysınlar. Məqsəd Azərbaycan haqqında yanlış fikir, rəy yaratmağa nail olmaqdır, Azərbaycana dünyanın, xüsusən də Qərbin etimadını zəiflətsinlər, etibar olunmayan, etimad göstərilməyən bir ölkə təsəvvürü yaratsınlar. Fransanın apardığı siyasət buna yönəlib. Dəfələrlə bununla bağlı söhbətlərimiz olub ki, bunun kökündə nə dayanır, niyə Fransa və onun prezidenti Makron bu cür antiazərbaycan mövqeyindədir. Bu sualın cavabı çoxvariantlıdır. Amma özləri etiraf etməlidirlər ki, bunları narahat edən nədir”.

A.Nağının sözlərinə görə, Makronun prezidentliyindən əvvəlki dövrdə Azərbaycanla Fransanın münasibətləri normal olub, Azərbaycan regionun lider dövlətidir və bizim ölkə ilə hesablaşmaq lazımdır. O qeyd etdi ki, görünür, Makron Azərbaycanla hesablaşmaq, Azərbaycanın regiondakı liderliyini qəbul etmək istəmir. “Əsas da bunların o isteriyası, səs-küyü 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra başladı. Onlar bizim qələbəmizi həzm edə bilmirlər. Ermənistanı süni şəkildə regionda hansısa faktora çevirmək istəyirlər. Çalışırlar belə görüntü yaratsınlar ki, guya Ermənistan regionda bütün proseslərin mərkəzində, qovşağında dayanır. “Sülh kəsişməsi” deyilən süni ideyanı da onların köməyi ilə Ermənistan dünyaya sırımağa çalışır. Bu da mənasız bir şeydir. 

Makron hökumətinin əli hər şeydən üzüləndə Azərbaycanla bağlı obyektiv mövqe tutanlara qarşı hücuma keçir. Bu, istər Fransa parlamentinin üzvü, istərsə də hansısa rəsmi dövlət vəzifəsi tutan şəxs olsun, fərqi yoxdur, dərhal hücum edirlər. Makron hökuməti Raşida Datinin Azərbaycana ədalətli, obyektiv mövqeyini qəbul edə bilmir. Onu həbs etmək istəklərinə ad da qoya bilmirlər ki, Dati Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə ona qarşı təqib başlayıb. Bunu açıq deməsələr də, mahiyyətin kökündə məhz bu amil dayanır. Çünki başqa səbəb görsənmir və ona qarşı irəli sürülən ittihamların da heç bir əsası yoxdur. Dati tərəfindən Fransa məhkəmələrinin irəli sürdüyü ittihamlar rədd edilir. Raşida Datini başqa bir şəxslə bağlayırlar, orda da heç bir əsas, sübut yoxdur. Bu Qərb, xüsusən də Fransa ədalət sisteminin, hüquq-mühafizə orqanlarının həddən artıq çürüdüyündən, ədalət hissini itirdiyindən xəbər verir. Fransa məhkəməsi heç bir halda ədalətli mövqe tutmaq istəmir. Yəqin ki, məhkəmə prosesi uzanacaqsa, prokuror müraciət edib, onlar hansısa bir tədqiqat aparacaqlarsa, təbii ki, ortaya fakt çıxara bilməyəcəklər, saxta məlumatlardan istifadə edə, yalançı şahidləri ortaya çıxara bilərlər. Bu, Fransanın ənənəsində var. Makron Fransaya ədalətsiz bir ölkə imici qazandırıb. Fransa qərəzli bir ölkə mövqeyinə sahibdir. Ona görə də, nüfuzunu tamamilə itirib.

Bu proseslər hansı istiqamətdə gedəcək? Təbii ki, Azərbaycan da prosesləri diqqətlə izləyəcək. Azərbaycanın mövqeyinə hörmətlə yanaşan şəxslər, təbii ki, müdafiə olunmalıdır, Azərbaycan da müdafiə edəcək. Bu müdafiə ictimai xətlə həyata keçiriləcək, beynəlxalq ictimai rəyə təsir göstərilməyə çalışılacaq. Azərbaycanın QHT-ləri, hüquq müdafiə təşkilatları, o cümlədən də siyasi partiyalar bu məsələdə daha fəal olmalıdırlar. Xüsusən də hüquq müdafiəçiləri bu istiqamətdə aktivlik göstərməlidirlər”. 

A.Nağı qeyd etdi ki, bəzi hüquq müdafiəçiləri var ki, hansısa mərkəzlərdən umacaqları var və o mərkəzlərin sifarişlərini yerinə yetirirlər. A.Nağının sözlərinə görə, COP29-un gedişində bəzi ölkələrdə, o cümlədən də qonşu Gürcüstanda -Tiflisdə müəyyən antiazərbaycan aksiyaları keçirirlər, İrəvanda Azərbaycana qarşı aksiyalar təşkil olunur.   “Balaca Qreta Tunberq başından yekə işlər görür və antiazərbaycan sifarişlərini yerinə yetirir. Çox təəssüf ki, Azərbaycandan da bəzi hüquq müdafiəçiləri, bəzi fəallar bu prosesin içindədirlər, bu prosesdə iştirak edirlər, Azərbaycana qarşı şərləmə kampaniyasının tərəfində dayanırlar. Böyük yanlışlıqlara yol verirlər. Amma özünü obyektiv hesab edən hüquq müdafiəçiləri də var ki, Fransanın göz önündə olan ədalətsiz mövqeyinə etiraz etməlidirlər. Əgər onların vicdanı varsa, gerçəkdən də hüquq müdafiəçisidirlərsə, Fransada Azərbaycanın mövqeyini müdafiə edən şəxsləri müdafiə etməlidirlər, öz əlaqələrindən istifadə edib işlər görməlidirlər, ədalətli olmağa çalışmalıdırlar. Yəni bu proses ictimai xətlə getməlidir, eyni zamanda Azərbaycan dövləti də bu məsələni Fransanın diqqətinə çatdırmalıdır, səfirliyimiz vasitəsilə münasibət bildirilməlidir. Səfirliyimizin faəliyyəti orada ortada olmalıdır.  O nazir Fransada Azərbaycanla bağlı ədalətli mövqe sərgilədiyi üçün cəzalandırılmamalıdır. O adam Azərbaycanın dəstəyini hiss etməlidir. Ona görə yox ki, o hansısa maraqla Azərbaycanın mövqeyini müdafiə edib. Elə deyil. Raşida Dati kimi şəxslər özləri obyektiv, ədalətli insanlardır. Fransada, dünyanın başqa ölkələrində də bu cür ədalətli insanlar var. Fransa parlamentarilərinin arasında da ədalətli adamlar yox deyil, ona görə də onlar ədalətli mövqe tuturlar. Raşida Dati də ədalətli mövqeyinə görə  Fransa hakimiyyəti tərəfindən bu cür təqiblərə məruz qalır, qərəzli mövqeyə tuş gəlir”. 

A.Nağı hesab edir ki, Azərbaycan da açıq şəkildə belə ədalətli insanları müdafiə etməlidir. “Fikrimcə, Fransanın bu cəhdi də digər cəhdləri kimi nəticə verməyəcək. Əsası olmayan bir prosesdir. Sadəcə, orda Azərbaycanın ədalətli mövqeyini müdafiə edən şəxslərlə bağlı bir mənfi rəy yaradırlar. Biz tərəfdən də çalışılmalıdır ki, onlar haqda belə rəy də yaranmasın. Orada ermənilərin mövqeyini müdafiə edənlərin mövqeyindən bizim mövqeyimizi müdafiə edənlərin mövqeyi daha da güclənsin. Bumeranq təsiri bağışlasın, bumeranq effekti versin ki, onlar bizə nəsə etmək istəyirlərsə biz onların özlərini pis vəziyyətə qoyuruq. Bununla da bizim haqlı mövqeyimiz bir daha nümayiş etdirilir, yanımızada, ədalətin yanında olanlar özlərini müdafiəsiz və tək hiss etmirlər, Azərbaycanı müdafiə etmək istiqamətində işlərini davam etdirirlər. Biz də dəstək verməliyik ki, onlar yorulmadan, çəkinmədən öz işlərini davam etdirsinlər”-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA





Seçilən
48
baki-xeber.com

1Mənbələr