Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda Estoniya ilə qolsuz heç-heçə edib. Qəbələ şəhər stadionunda baş tutan görüşün yekunu yığmanın C Liqasında qalmasını möcüzəyə saxladı.
Estoniya ilə matçdan sonra qələbənin hava-su kimi vacib olduğu deyilir, yazılırdı. Yəqin, başda baş məşqçi Fernandu Santuş olmaqla hər kəs bunun fərqində idi. Lakin meydanda sərgilənən oyun qələbəyə kifayət etmədi. Qələbə bir yana, qol vurmaq da alınmadı. Hücum xəttində itkilər var idi, buna baxmayaraq, estonlara qarşı fərqlənməkçün sırf hücumçu olması zərurət deyildi. Məsəlçün, 2 il əvvəl Premyer Liqada “Qarabağ”la bombardir olan Ramil Şeydayev, yarımcan Musa Qurbanlı, cinahda Toral Bayramov fərq yaratmaq potensialında oyunçular idi. Lakin hansınınsa nəsə faydası olmadı, görmədik, edə bilmədilər.
İsveç, Slovakiya və Estoniya ilə qrupda 5 oyuna 1 xal toplamaq Santuş üçün faciə sayılmır. Mütəxəssis uzunmüddətli inkişaf planında, hədəflərindən və bu mənzilə çatacaqlarına inandıqlarını bildirir. Maraqlıdır, hansı oyun, hansı komanda ilə? Üç il sonranın planlarını quran Santuş yəqin aşağı yaş qruplarının nəticələrindən xəbərdar deyil. Yoxsa eyni gündə İrlandiyaya 0:4 hesabıyla uduzan U-19-un, yunanlardan 3 qol buraxaraq, məğlub olan U-17-dən gələcəyin əsas yığmasının formalaşacağını bilmir? Arzusunda olduğu komandanı qurmağa material tapılacaqmı? Tapılacaqsa, hardan?
İllərdir millini əcnəbilərə tapşıran, pulları havaya sovuranlar önə çıxmır, məsuliyyət daşıyanlar suallara cavab vermir. Nəticələr fiasko – aşağıdan götür, yuxarı qədər… Estoniyanı məğlub edə bilməyən komanda kimə güc göstərəcək? Gedişat yığmanı Millətlər Liqasında D Liqasına yuvarlayacaq, bəlkə də, Santuş rəqibləri nəzərə alıb, inkişafdan danışır. D Liqasında Cəbəllütariq, San Marino, Andorra, Lixtenşteyn kimi komandaları məğlub edib, qələbə sevincinə boğulacaqmı? Ya o vaxta kimi işinin başında qalacaqmı?
Şahin Cəfərov