AZ

Milli Məclisin sədri albaniyalı həmkarı ilə görüşüb - FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Albaniya Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qonağı salamlayan spiker Sahibə Qafarova COP29 tədbirində iştirakına və maraqlı çıxışına görə Albaniya Parlamentinin sədrinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Albaniya Prezidenti Edi Rama da COP29-un Liderlər Sammitində iştirak edib. Bu faktlar ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisidir.

Elisa Spiropali həm COP29, həm də Parlament Görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıraraq, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası kifayət qədər vacib və böyük tədbirdir. O, Azərbaycanın bu qlobal tədbirə uğurla evsahibliyi etdiyini qeyd edib. Qonağın fikrincə, Parlament Görüşünün keçirilməsi Milli Məclisin iqlim dəyişiklikləri ilə bağlı olan məsələlərin həllinə dəstəyinin ifadəsidir.

Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və bütün ölkələr bu problemdən əziyyət çəkirlər. Tərəflər inkişaf etmiş dövlətlərin kiçik ada dövlətlərinə dəstəyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.

Albaniya Parlamentinin sədri Milli Məclisin sədri ilə cari ilin oktyabr ayında İsveçrənin Cenevrə şəhərində keçirdiyi görüşü məmnunluqla xatırlayıb, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib. Qeyd olunub ki, ölkələrimiz arasında mühüm layihələr həyata keçirilir.

Söhbət zamanı parlamentlərimiz arasında da əməkdaşlığın daha da gücləndirilməsi haqqında müzakirələr aparılıb. Parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Qarşılıqlı səfər və təmasların, parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə məlumat verib. O, təəssüflə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi dövlətlər tərəfindən ölkəmizə qarşı siyasi hücumlar və təzyiq cəhdləri olub. Lakin Azərbaycan öz inkişaf yoluna sadiqdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
21
30
sesqazeti.az

10Mənbələr