AZ

Süni intellektin "şüuru" - Narahatlığa əsas varmı?

Londonda yerləşən İqtisadiyyat Məktəbinin professoru Conatan Birç (Jonathan Birch) bildirib ki, süni intellektin (Sİ) hisləri məsələsində razılığa gəlməyən insanlar arasında ciddi "sosial parçalanmalar" baş verə bilər.  

Valyuta.az "The Guardian"a istinadən xəbər verir ki, bu açıqlama hökumətlərin San-Fransiskoda keçiriləcək toplantıya hazırlaşdığı bir vaxtda verilib. Həmin görüşdə Sİ texnologiyasının yaratdığı təhlükələr və onların qarşısını almaq üçün tədbirlər müzakirə ediləcək.  

Süni intellekt şüurunun yaranması 2035-ci ildə gözlənilir  

Transatlantik alimlər qrupu hesab edir ki, süni intellekt sistemlərində şüurun yaranması ehtimalı 2035-ci ilə təsadüf edə bilər. Bu isə Sİ-nin insan və heyvanlara bənzər hüquqlara sahib olub-olmaması məsələsində daha dərin fikir ayrılıqlarına səbəb olacaq.  

Professor Birç qeyd edir ki, bəzi insanlar Sİ-nin ağrı, sevinc kimi hisslər yaşadığını düşünərkən, digərləri bu texnologiyanın hissiyyata malik olmadığını israrla bildirir. Bu mövzu ətrafında formalaşan ziddiyyətlər cəmiyyətdə "hər iki tərəfi böyük səhvlərdə ittiham edən alt mədəniyyətlər" yarada bilər.  

Heyvanların hissiyyatı ilə bağlı tədqiqatları ilə tanınan və ahtapot təsərrüfatlarının qadağan edilməsində rolu olan professor Birç vurğulayır ki, süni intellektin hissiyyəti artıq elmi fantastika janrına aid mövzu deyil. Böyük texnologiya şirkətləri bu məsələyə ciddi yanaşmalıdır.  

Dünyada fərqli mövqelər ortaya çıxa bilər

Professor Birç qeyd edir ki, müxtəlif mədəniyyətlər və dini inanclar süni intellektin hissiyyəti məsələsinə fərqli baxış bucağına sahib olacaq. Məsələn, Hindistanın vegeterian ənənələri ilə ABŞ-ın ət istehlakı sahəsindəki lider mövqeyi arasında nəzərəçarpacaq fərqlər var. Bundan başqa, Səudiyyə Ərəbistanı kimi teokratik ölkələrin yanaşmaları dünyəvi dövlətlərdən fərqlənəcək.  

Bununla yanaşı, ailələr daxilində də mübahisələrin baş verməsi mümkündür. Məsələn, chatbotlarla və ya vəfat etmiş yaxınların Sİ avatarları ilə ünsiyyət quran insanlar canlı varlıqların şüura malik olduğuna inanan qohumları ilə ziddiyyətlər yaşayacaq.  

Alimlərin maraqları və kommersiya məqsədləri toqquşur  

Birç hesab edir ki, texnologiya şirkətləri daha çox etibarlılıq və mənfəət əldə etməyə çalışdığı üçün Sİ-nin "şüurlu varlıq" olub-olmaması məsələsindən uzaq dayanmağa çalışırlar.  

Alimlər isə bu məsələnin həllində heyvanların hissiyyatı ilə bağlı tədqiqatlarda istifadə olunan markerlərdən faydalanmağı təklif edir. Məsələn, ahtapotların yüksək hissiyyat qabiliyyətinə malik olduğu müəyyən edildiyi üçün digər dəniz canlılarından fərqləndirilir. Eyni yanaşma chatbot və robotların xoşbəxtlik, kədər və ya əzab duyğusunu hiss edib-etmədiyini öyrənmək üçün də tətbiq oluna bilər.  

Süni intellekt təhlükəsinə ehtiyatlı yanaşma  

Oksford Universitetinin Qlobal Prioritetlər İnstitutunun tədqiqatçısı Patrik Batlin (Patrick Butlin) hesab edir ki, Sİ-nin şüurlu olub-olmaması məsələsi tam aydınlaşmadan, onun inkişafının yavaşladılması müzakirə edilməlidir.  

Lakin bu fikrə qarşı çıxan neyroelm mütəxəssisi Anil Set (Anil Seth) hesab edir ki, Sİ-nin şüurlu olması ehtimalı hələ çox uzaqdır və hətta mümkün olmaya da bilər. Ancaq bu ehtimalın tamamilə rədd edilməsi də doğru deyil.  

Professor Birç və digər alimlər texnologiya şirkətlərini Sİ sistemlərinin hissiyyatını öyrənməyə və "xoşbəxtlik" və "əzab" kimi anlayışları dərk edib-etmədiklərini müəyyənləşdirməyə çağırır.  

Müzakirələr davam edir  

Hələlik, "Microsoft", "Meta", "Open AI" və "Google" kimi texnologiya nəhəngləri bu çağırışlara münasibət bildirməyib. Alimlər isə bu mövzunun artıq gələcəyin deyil, indinin problemi olduğunu vurğulayırlar.  

Rəhim

Seçilən
32
valyuta.az

1Mənbələr