AZ

20 noyabr - Şanlı Gün!

Tarixinin ən güclü dövlətinə çevrilməsi və müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən amillərdir. 18-ci əsrdən etibarən əsarətə məruz qalan xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi. Öz haqqını qorumaq, pozulmuş hüquqlarını təmin etmək bugünkü ziddiyyətli və dəyişkən beynəlxalq münasibətlər sistemində hər dövlətə nəsib olan imkan deyil. 

2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladıqları həmin üçtərəfli Bəyanata əsasən işğalçı dövlətin məğlub ordusu qalan bölgələrimizi də tərk etməli, həmin ərazilər həqiqi sahiblərinə qaytarılmalı idi. Belə də oldu. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan kapitulyasiya şərtləri ilə razılaşmağa məcbur qaldı. Bu tarixi hadisədən sonra Laçın, Ağdam və Kəlbəcər Azərbaycana qaytarıldı. Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi müstəvidə də Qələbə qazandı. Ən əsası da 20 noyabr 2020-ci il tarixi xalqımızın, xüsusilə də ağdamlıların yaddaşına əbədi həkk olundu. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb. Həmin ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Prezident İlham Əliyev: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.”

Azərbaycan Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

 

Azərbaycan tamamilə fərqli siyasi və iqtisadi reallıqlar şəraitində inkişaf edir. Prezident İlham Əliyev tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Respublikamız bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir. Torpaqların xilaskarı, xalqın sevgi və minnətdarlıq ünvanı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev hər şeyi vədəsində, uzaqgörənliklə və ən yüksək səviyyədə görməklə uğurların sayını durmadan artırır! Azərbaycanı qalib dövlətə, xalqımızı qalib xalqa, ordumuzu qalib orduya çevirən İlham Əliyev quruculuq sahəsinin ən böyük qəhrəmanıdır!

Laura Quliyeva 

Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

Seçilən
8
missiya.az

1Mənbələr