AZ

COP29 Azərbaycan üçün asan başa gələn bir tədbir olmadı



COP29 Azərbaycan üçün asan başa gələn bir tədbir olmadı. Ənənəvi olaraq yenə də bu beynəlxalq tədbir öncəsi bir çox Avropa ölkələrinin və ABŞ-nin yadına düşdü ki, Azərbaycanda insan hüquqları, seçki azadlığı və demokratik dəyərlər pozulur. Bundan istifadə edərək ölkəmizə qarşı bir çox təzyiq alətindən istifadə etməyə çalışdılar. Qərbin qeyri-səmimiliyi cəmiyyətimiz tərəfindən ciddiyə alınmadı. Lakin ölkəmizdə bir çox problemlərin olduğunu aşkar şəkildə olmasa da, hər kəs qəbul edir. Bununla belə Qərbin bu problem üzərində manipulyasiya etməsi xoş qarşılanmır. Bütün bunlara baxmayaraq COP29 tədbirləri nəzərdə tutulduğu kimi keçirilir. Nəzərə almaq lazımdır ki, bu tədbirin əsas təşkilatçısı BMT-dir. Ayrı-ayrı bölmlərin keçirilməsi, müəyyən zonaların təşkili, pavilyonların qurulması, iştirakçılar, müzakirə ediləcək sahələrin hamısı BMT-nin hazırladığı ssenari əsasında müəyyən edilib. Azərbaycan da qonaqların qarşılanması, yerləşdirilməsi və tədbirlərin təşkilində ev sahibi kimi öz funksiyasını yerinə yetirib. Bu zaman Azərbaycan öz fərqliliyi və bənzərsizliyi ilə bu beynəlxalq tədbirə əlavə zənginlik qatıb. Eyni zamanda COP29-un keçirildiyi müddətdə sözün həqiqi mənasında dünya mediasının diqqət mərkəzində olmağı bacarıb. COP28-lə müqayisədə qonaqların sayının azlığı tədbirin mahiyyətinə heç bir təsir göstərə bilməyib. Çünki bu Azərbaycanın təşkil etdiyi tədbir deyildi. Müzakirə olunan məsələlər və qonaqların statusu baxımından da tədbirin məqsədinə çatdığını söyləmək olar. Azərbaycanın əldə etdiyi uğurlar xeylidir. Birincisi, ölkəmiz daha çox tanındı. Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi və bunu etiraf etməyimiz lazımdı. Bu tədbir bizə tanınmağımızda əhəmiyyətli təsirli oldu. Gələcəkdə bu ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərində də rol oynayacaq. Tədbirlərin beynəlxalq standartlara uyğun təşkil edilməsində də təcrübə toplaya bildik ki, bu da gələcəkdə istifadə olunacaq. Bir sıra daxili problemlərimizin beynəlxalq qaydalara və dünyanın demokratik ölkələrində olan normalara uyğun həll edilməsi baxımından da müəyyən təcrübə qazanıldığını söyləmək olar. Beynəlxalq tədbirlərin təşkili Azərbaycanın inkişaf edən dünyaya daha çox yaxınlaşdırır və inteqrasiya prosesini sürətləndirir.

Mütəllim Rəhimli
Seçilən
30
newscenter.az

1Mənbələr