AZ

Vüqar Kərəmov: “Ac idim, hazırlaşıb, istəyimə çatdım” - MÜSAHİBƏ

Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmovun İdman.biz-ə müsahibəsi

- “Rizin” turnirində səkkizinci görüşünüzdə altıncı qələbənizi qazandız. Yaponiyada yerli Kazumasa Majima döyüşü necə şərh edərdiz?

- Bu yarış mənim üçün çox önəmli idi. Sonuncu görüşümdə uduzmuşdum. Uzun müddət idi döyüşlərə qatılmırdım. Ona görə kəmər uğrunda görüşə qatılmaq üçün qələbə vacib idi. Yaxşı hazırlaşıb, istəyimə çatdım.

- Qələbə üçün cəmi 28 saniyə kifayət etdi. Əvvəldə belə tez qalib gələcəyinizi desəydilər, inanardız?

- ⁠Bu, idmandır. Hər bir saniyənin öz hökmü var. Önəmli olan lazımi saniyədə kimin qalib gəlməsidir. Ona görə də sürətli olmaq çox böyük rol oynayır. Təbii ki, texniki baxımdan da döyüşə hazır olmalısan. Bütün elementləri özündə birləşdirdikdən sonra hər şeyin öhdəsindən tez bir zamanda gəlmək mümkündür.

- Sualı başqa cür qoyaq. Siz çox güclü idiz, yoxsa rəqib çox zəif?

- ⁠Rəqib heç də zəif deyildi. Olduqca çox döyüş keçirən idmançıdır. Sadəcə görüşə çox yaxşı hazırlaşmışdım. Rinq baxımından çox ac idim. İstəyirdim ki, gözəl qələbə əldə edim. Sevindirici haldır ki, bunu da bacardım.

- ⁠Turnirə hazırlığı necə keçmişdiz?

- Bir ay Dağıstanda məşq etmişdik. Xeyli sayda təlim-məşq toplanışlarına da qatıldım. Güclü idmançılarla birlikdə fiziki və taktiki hazırlıqlar üzərində işlədik. Həmin dönəmdə ciddi çətinlik yaşamadım. Sadəcə həmişə yarışdan öncə bir az belə hadisə yaşanır. Çünki 3 həftə çəki salmaq üçün əziyyət çəkirik. 15-16 kiloqram arıqlamaq lazım olur. Bu dönəm həmişə ağır keçir. Lakin çəkini atdıqdan sonra hər şey arxada qalır.

- ⁠Bakıdakı yarışda məğlub olmuşduz. Artıq demək olar ki, istəyinizə çatdız?

- ⁠Bakıda uduzduğuma görə çox heyfsilənirəm. Amma idmandır, kimin qalib gələcəyini bilmək olmur. İrəli baxmaq lazımdır. Ona görə də həmin görüşü yaddan çıxarmışam. Bu döyüşdən sonra onunla revanş da istədim. Ümid edirəm ki, mənə bu şəraiti yaradacaqlar.

- ⁠Qarşıdakı hədəfləriniz nədir?

- ⁠Görəcəyim bir sıra işlər var. Müəllimlərimiz bir neçə təşkilatlarla danışıqlar aparacaq. Ya “Rizin”də kəmər uğrunda vuruşacam, ya da başqaları ilə əməkdaşlıq edəcəyik. Hələlik hansısa qərar yoxdur.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr