AZ

İqlim fəaliyyəti sahəsində hesabatların hazırlanmasında dövlətlərə Bakı Şəffaflıq Platforması əsasında dəstək göstəriləcək

İqlim fəaliyyəti sahəsində şəffaflıq ən vacib elementlərdən biridir. Bu işin ən önəmli tərəfi odur ki, dövlətlər hər beş ildən bir öz fəaliyyətləri ilə bağlı hesabat verir. Dövlətlər növbəti beş il ərzində ambisiyalarını müəyyənləşdirir, onları həyata keçirmək üçün planlar hazırlayır. Şəffaflıq hesabatları isə həmin planların nə dərəcədə səmərəli həyata keçirilməsini əks etdirən ikiillik sənəddir. Azərbaycan ilk dəfə bu il ikiillik şəffaflıq proqramını təqdim edəcək. Biz bu məsələni ilin əvvəlindən prioritet olaraq elan etdik. Dövlətimiz bu istiqamətdə böyük işlər gördü.

“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

“Bu gün bir sıra dövlətlər də ikiillik iqlim hesabatlarını təqdim etdi. Həmin dövlətlərin sayı ilin sonunadək artacaq. Azərbaycanın bu məsələyə böyük rolu və töhfəsi var. Buna görə də bu gün dövlət nümayəndələri bunu xüsusi qiymətləndirdilər. Prosesi sürətləndirmək üçün biz Bakı Bəyannaməsinin imzalanmasını təklif etdik. Bu sənəd artıq qəbul olundu və dövlətlər bəyannaməyə qoşuldular. Bu sənədin mahiyyəti ondan ibarətdir ki, növbəti illərdə dövlətlər tərəfindən bu sahədə hesabatların hazırlanmasında texniki boşluqların aradan qaldırılması üçün Bakı Şəffaflıq Platforması əsasında onlar texniki dəstək, təlimlər və digər fəaliyyətlərlə təmin olunacaq. Bu, bir az vaxt və kifayət qədər resurs tələb edən prosesdir. Azərbaycanın bu təşəbbüsünü Qərb dövlətləri, donorlar da dəstəkləyir. Növbəti illərdə dövlətlərə veriləcək dəstək məhz bu donorlar, eləcə də Azərbaycan tərəfindən həyata keçiriləcək”, - deyə Yalçın Rəfiyev əlavə edib.

Seçilən
16
ikisahil.az

1Mənbələr