AZ

Vüqar Rəhimzadə: Dağılmış Ağdam erməni vandalizminin və barbarlığının şahididir

30 il işğal altında qalan torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla sahibinə qovuşdu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev şanlı tariximiz kimi dəyərləndirilən İkinci Qarabağ müharibəsindən bəhs edərkən daim bu fikri xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər təcüvüzkar dövlətə işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik,  aparılan danışıqlara sadiqlik göstərdi. Baxmayaraq ki, illər keçdikcə  ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşaraq  hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bu mühüm sənədin imzalanmasında Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi əhəmiyyətli rol oynadı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı.  10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən,  Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan tarixi sahibinə qaytarıldı.

Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar sırasında xüsusi yer tutan işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi  daim 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününü geniş təhlil etməyə, qanları, canları ilə tarix yazan şəhidlərimizin dastana çevrilən həyat yolunun vərəqlənməsinə, bir vətənpərvərlik  məktəbi kimi öyrənilməsinə çağırış edir. 44 günün hər günü tariximizin zəfər səhifələridir. Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 20 noyabr Ağdam Şəhəri Günüdür.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Ağdam da dirçəlir, yenidən bərpa edilir. Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Artıq Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri sakinlərinə qovuşub. Bu torpaqlarımızda yeni həyat başlayıb. Prezident İlham Əliyevin çıxışlarında bu hədəf daim önə çəkilir ki, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Bu il Xankəndi və Kəlbəcər şəhərləri də qayıdış ünvanları sırasında olacaqlar. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə soydaşlarımızın qayıdışı nəzərdə tutulub.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ağdam və Zəngilan şəhərlərində  Azərbaycan Milli Şəhərsalma forumlarının keçirilməsi ölkəmizin təkmil dirçəliş modelinin dünyaya təqdimatında öz sözünü dedi. İlk Milli Şəhərsalma Forumu 2022-ci ildə Ağdam şəhərində keçirildi. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı, dünyaya səsə salan bu Forum şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradaraq şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynadı. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platforma oldu. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bildirdi ki, tədbir  Ağdamın beynəlxalq əlaqələrinin başlanğıcıdır.  Ağdam və dünyanın bir çox şəhərlərinin qardaş şəhərlər olacağına əminik.  Sovet İttifaqı vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi. Həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər: “Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq”. 

Milli Məclisin deputatı qeyd edib ki, işğaldan azad olunmuş Ağdam erməni vandalizminin, barbarlığının şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişlər. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdam şəhərinə hər bir səfəri  yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən ötən dörd ildə Ağdam rayonuna 9 səfəri olub. Həmin səfərlər çərçivəsində atılan addımlar firavan gələcəyə doğru aparır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir azad edilmiş torpağa ilk səfəri burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazılır. Bu ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır. Artıq Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.

Vüqar Rəhimzadə böyük qürur hissi ilə qeyd edib ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildiyi tarixləri qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev qarşıda dayanan hədəflərdən bəhs edərkən daim bu çağırışı edir ki, gənclərimiz milli ruhda tərbiyə edilməlidir. Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi qarşıda dayanan əsas vəzifələrdəndir. Bu isə öz növbəsində tariximizin hər bir səhifəsinin öyrənilməsinə, Azərbaycan həqiqətlərinin bütün dünyada təbliğinə çağırışlar edir. Bu baxımdan  torpaqlarımızın azad edildikləri tarixlərlə yanaşı, onların işğal günlərini də unutmamalıyıq. 30 il işğal altında qalan bu torpaqlarımızın hər daşı, qayası bir tarix olmaqla yanaşı, erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında zəngin mənbədir.

Millət vəkili bildirib ki, azad edilmiş ərazilərimizin hər biri müasir tələblər səviyyəsində, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə yenidən qurulur. Ağdam Azərbaycanda ilk “ağıllı şəhər” olacaq. “Ağıllı kənd”in ilk ünvanı isə Zəngilan rayonunun Ağalı kəndidir. Tezliklə bütünlüklə cənnətə çevriləcək Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanı kimi dünyanın diqqətində olacaq.

Seçilən
59
32
ikisahil.az

10Mənbələr