AZ

BRICS Türkiyəyə heç nə verməyəcək

İndi Turan birliyini qurmaq vaxtıdır


  Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, BRICS Türkiyəyə “tərəfdaş ölkə” statusu təklif edib. Türkiyənin BRICS-dən istədiyi bu deyildi. Türkiyə bu ittifaqın tamhüquqlu üzvü olmağı nəzərdə tuturdu. Üzv statusunun əvəzinə tərəfdaş ölkə statusunun təklif edilməsi BRICS tərəfindən Türkiyəyə qarşı arzuolunmaz davranışdır. 
Siyasi şərhçi Bəybala Mirzəyev hesab edir ki, BRICS-in oktyabr ayında Kazanda keçirilən sammitində Çin, Rusiya, Hindistan və İranın Türkiyənin bu təşkilata üzvlüyünü əngəlləməsindən sonra Türkiyə rəhbərliyi ümumiyyətlə BRICS söhbətini birdəfəlik qapatmalıdır. Onun sözlərinə görə, bu ölkələrin heç biri Azərbaycan və Mərkəzi Asiya (Türküstan) ölkələri ilə birlikdə Turan birliyini yaratmağı hədəfləyən Türkiyəni öz yanlarında – BRICS birliyinin sıralarında görmək istəmirlər: "Turan birliyi adları çəkilən bu dörd ölkənin rəhbərlərinin ciddi narahatlığına səbəb olur. Onlar Turan birliyini BRICS-ə potensial rəqib gözündə görürlər. Türkiyə rəhbərliyi də sözügedən ölkələrin Türkiyəyə və Turan birliyinə qarşı bu cür məkrli münasibətini adekvat qiymətləndirməli və BRICS-in “elçi daşı”nda oturub gözləmək sevdasından əl çəkməlidir. Avropa Birliyinin (AB) qapısında uzun illər gözlədilən Türkiyə, BRICS-dən də özünə qarşı eyni münasibətin sərgilənməsinə əsla yol verməməlidir. Çünki Türkiyə qapıda gözlədiləcək ölkə deyil. Düzdür, Türkiyə rəsmiləri hesab edirlər ki, BRICS-ə girmək Türkiyəyə kifayət qədər qazanc gətirəcək. Ancaq bu, yanlış yanaşmadır. Bir təşkilat üzvlük müraciətini geri çevirib, bunun əvəzində sənə sadəcə “tərəfdaş ölkə” statusu ölkə təklif edirsə, burada qazancdan söhbət gedə bilməz. Türkiyə AB-nin və BRICS-in qapısında vaxt itirməkdənsə, üzünü Türk dünyasına çevirməlidir. İndi Türk Birliyini (Turan birliyini) qurmaq vaxtıdır. Bu iş artıq hava-su kimi zərurətə çevrilir. Türkiyə tarixin ona verdiyi fürsəti düzgün dəyərləndirməlidir. Yeni dünya düzəninin formalaşdığı bu kritik mərhələdə Türkiyə dayaq nöqtəsini və yüksək inkişaf perspektivini  Şərqdə, Qərbdə yox, məhz Türk dünyasında axtarmalıdır".

Seçilən
24
23
sherg.az

10Mənbələr