AZ

Paşinyan revanşistləri qəzəbləndirdi: “Qarabağ hanı?”

Ermənistan Baş naziri Nikol Paşinyan feysbuk səhifəsinin fon şəklini dəyişib.

Turkustan.az xəbər verir ki, baş nazirin rəsmi səhifəsindəki dəyişiklik Ermənistanın revanşist kəsimini qıcıqlandırıb.

Revanşizmin təbliği ilə məşğul olan nəşrlər Paşinyanı fotoda Qarabağ və Ağrı dağına yer verməməsinə görə qınayıblar.

Məsələn, “Lurer” portalı bu barədə yazır: “Yeni fotoda Artsaxsız (ləğv edilmiş separatçı qurum - red.) Ermənistanın xəritəsi və Araqat dağı əks olunub”.

Səhifənin yeni fon şəklindəki bu qeyd də yerli mediada müzakirəyə çıxarılıb: “Budur dövlət, budur çörək, budur vətən, durduğun (yaşadığın – red.) yer buradır”.

Ermənistan baş naziri bundan öncə ölkəsinin ən yüksək dağının Türkiyədə yerləşən Ağrı yox, Araqat olduğunu bildirib. Həmçinin o, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan edib.

Baş nazir qonşu ölkələrə qarşı ərazi iddialarını istisna edən “Real Ermənistan” ideyasını irəli sürüb. O, bu kontekstdə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsini də kəskin şəkildə tənqid edib. Paşinyanın fikrincə, bu bəyannamə bir dövlət kimi Ermənistanın varlığının üstündən xətt çəkir. /teleqraf.com/

Seçilən
8
1
turkustan.az

2Mənbələr