AZ

“Minalanmış ərazidə tanklarla irəliləyirdik” - Vətən müharibəsi iştirakçısı - FOTO

44 günlük Vətən müharibəsində xidmətləri olan döyüşçülərimizdən biri də Zamin Aydın oğlu Bayramovdur. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror əməliyyatından iştirak etdikdən sonra səhhətində yaranan problemlərə görə, ordu sıralarından tərxis olunub. Lakin o, indiyə kimi döyüş yolu ilə bağlı mətbuata heç vaxt danışmadığını bildirib.

O, döyüş yoluyla bağlı ilk dəfə Redaktor.az-a danışıb:

“1995-ci il fevralın 7-də Cəlilabad rayon Göytəpə şəhərində anadan olmuşam. Evin kiçik övladıyam. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə hərbi xidmətə yollanmışam və N saylı hərbi hissənin sülhməramlı taborunda xidmətə başlamışam. Altı ay ezamiyyətim olub və Əfqanıstan İslam Respublikasında Azərbaycan Respublikasını təmsil etmişəm. 2016-cı ildən Füzuli, Xocavənd və Ağcəbədi rayonları istiqamətində xidmət etmişəm”.

Z.Bayramov 2020-ci ildə 44 günlük Vətən müharibəsində döyüşlərə qatıldığını bildirib:

“44 günlük Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm.  Döyüşün ilk günü Füzuli rayonu istiqamətində ön xəttin yarılması ən yaddaqalan döyüş əməliyyatlarından biri idi. Həmin gün çox ağır döyüşlər gedirdi. Minalanmış ərazidə tanklarla irəliləyirdik. Otuz ildən sonra ən qürurlu gün idi, düşmən səngərini darmadağın etdik. Həmin vaxt erməni hərbçiləri silahlarını atıb qaçırdılar”.

Keçmiş döyüşçü 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatında da iştirak etdiyini deyib:

“Antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Həmin vaxt yüngül qəlpə yaraları da almışam. Döyüşdən sonra səhhətimdə yaranan problemlərə görə öz istəyimlə ordu sıralarından tərxis olundum”.

Z.Bayramov bu xidmətlərinə görə müxtəlif medallarla təltif edildiyini bildirib:

“Göstərdiyim xidmətlərə görə, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və Azərbaycan Respublikasını təmsil etdiyimə görə “1 nömrəli” medalla təltif olunmuşam”.

Vasif ƏLİHÜSEYN

 

22222
Seçilən
29
1
redaktor.az

2Mənbələr