AZ

Sberbank 2025-ci ildə Bakıda BMT-nin iqlim konfransında yaşıl texnologiyalar laboratoriyası yaradacağını elan edib

BMT-nin İqlim Dəyişmələri Konfransında Sberbankın xüsusi sessiyası keçirilib. Sessiyada dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş yaşıl texnologiya həlləri müzakirə olunub. Sberbank iqlim və ekologiya sahəsində problemlərin həlli üçün 2025-ci ildə Yaşıl Texnologiyalar Laboratoriyası yaratmağı planlaşdırdığını bəyan edib.

Son illər yaşıl texnologiyalar bazarında qlobal səviyyədə sürətli artım müşahidə olunur. Bu bazarın illik artım tempi orta hesabla 30 faizə çatsa, 2030-cu ilə qədər həcmi 12 trilyon dollara çata bilər. Artımın əhəmiyyətli hissəsi rəqəmsal həllər sayəsində əldə ediləcək, çünki onların tətbiq potensialı çox genişdir. Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə rəqəmsal texnologiyalar enerji, material istehsalı və nəqliyyat kimi ən çox enerji sərf edən üç sektorda qlobal emissiyaların 2050-ci ilə qədər 20 faizədək azaldılmasına kömək edə bilər.

"İqlim dəyişikliyi, ilk növbədə, insanların həyat keyfiyyətinə təsir göstərir. Ancaq biz inanırıq ki, rəqəmsal yaşıl texnologiyaların tətbiqi sayəsində bu çətinliklərin həlli yollarını tapa bilərik. Məhz buna görə Sberbank 2025-ci ildə Yaşıl Texnologiyalar Laboratoriyasının yaradılması üzərində işləyir. Laboratoriyanın əsas məqsədi süni intellekt texnologiyalarının dekarbonizasiya kontekstində tətbiqi olacaq", - Sberbankın ESG üzrə baş vitse-prezidenti Tatyana Lipskaya deyib.

Dayanıqlı inkişaf məqsədləri üçün yaşıl texnologiyalar artıq dünyanın müxtəlif iqtisadiyyat sektorlarında tətbiq olunur. Məsələn, biotexnologiyalar üzrə ən böyük bazarlardan biri olan Hindistanda enerji səmərəliliyini artırmaq və kənd təsərrüfatının dayanıqlığını təmin etmək üçün yeni həllər hazırlanır. Braziliyada isə, dövlət dəstəkli təşkilatlar və vençur fondları sayəsində, binaların xidmət sahəsində enerji səmərəliliyi, karbon izinin azaldılması və ağıllı həllərin tətbiqi sahələrinə xüsusi diqqət yetirilir.

Tatyana Lipskayanın fikrincə, dekarbonizasiya layihələrinin həyata keçirilməsi zamanı hansı texnologiyaların həqiqətən yaşıl olduğunu, hansılarının isə olmadığını anlamaq vacibdir. Buna görə də BRICS ölkələri arasında təcrübə mübadiləsi üçün platforma lazımdır. Yaşıl texnologiyalar bazarının artmasına və mövcud həllərin müxtəlifliyinə baxmayaraq, ekspertlərin qiymətləndirməsinə görə, istifadəyə hazır texnologiyaların sayı 10 faizdən çox deyil. Sberbankın iqlim risklərinin proqnozlaşdırılması və karbon izinin azaldılması sahəsində bir sıra inkişaf etdirdiyi həllər mövcuddur ki, şirkət bu həlləri bazar ilə paylaşmağa və təcrübə mübadiləsi aparmağa hazırdır.

"Biz yaşıl rəqəmsal həllər sahəsində lider olan şirkətlərlə artıq mövcud və dayanıqlı inkişaf sahəsində tətbiq olunan həlləri ətraflı müzakirə etmək istərdik. Biz yaşıl texnologiyaların yaradıcıları və istehlakçılarını bir araya gətirəcək vahid bir onlayn platformanın yaradılması ideyasını irəli sürdük. Bundan başqa, Sberbank ESG-alyans çərçivəsində yaşıl texnologiyalar üzrə komitə yaradıb və ola bilsin ki, bu yanaşmanı BRİKS ölkələrinə də genişləndirək", - Sberbankın ESG üzrə baş vitse-prezidenti Tatyana Lipskaya bildirib.

Seçilən
11
milli.az

1Mənbələr