AZ

Hamilələrə stress yaşatmağın DƏHŞƏTLİ FƏSADLARI - ARAŞDIRMA

Hamiləlik zamanı ananın yaşadığı stress körpənin zehni inkişafına, fiziki sağlamlığına və şəxsiyyət quruluşuna da təsir edə bilər. Bu, hətta körpənin sonrakı həyatda xroniki xəstəliklərə qarşı həssaslığını artıra bilər. Bu səbəbdən analara hamiləlik dövründə mümkün qədər dinc və stresssiz bir mühit təmin edilməlidir və ən böyük məsuliyyət həyat yoldaşlarının və ailənin üzərinə düşür.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Türk həkim Müjde Şekeroğlu hamiləlik zamanı anaların yaşadıqları stressin körpəyə təsiri haqqında məlumat verib.

Stress ana bətnində olan körpəyə birbaşa təsir edir

Hamiləlik dövründə yaşanan stressin mənbələri fərqlidir. Zəlzələ, daşqın, tufan kimi təbii fəlakətlər və ya müharibə, terror kimi qarşısı alına bilməyən səbəblər ola bilə. Məişət zorakılığı evdə və işdə mənfi insan münasibətlərinin nəticəsi ola bilər. Səbəbi nə olursa olsun, stress bədən balansı üçün təhlükədir və bədən orijinal vəziyyətə qayıtmaq üçün müxtəlif struktur, funksional və davranış reaksiyaları yaradır. Bu, inkişaf edən körpənin psixi və fiziki sağlamlığına mənfi təsirlərə səbəb olur. Beyin inkişafına mənfi təsir etməklə yanaşı erkən doğuş, körpənin böyümə sürətinin yavaşlaması, az çəki və körpənin baş ətrafının geridə qalması kimi vəziyyətlərə səbəb ola bilər.

Stress ana və körpəyə iki şəkildə təsir edir

Ana bətnində stressə məruz qalan körpələr üzərində aparılan araşdırmalar göstərir ki, sonrakı dövrlərdə emosional problemlər və davranış pozğunluqları çox olur. Prenatal dövrdə yaşanan stress ana və körpənin sağlamlığına iki fərqli şəkildə təsir edir. Birincisi, bədən stress hormonlarının ifrazının artması ilə birbaşa təsirlənir. İkincisi, stress əlamətləri yaşayan analarda maddə istifadəsi, hamiləlik müayinəsinə getməməsi kimi şüursuz davranışlar dolayısı ilə ana və körpənin sağlamlığına təsir edir.

Körpənin ana bətnində yaşadığı stress gələcəkdə aşağıdakı vəziyyətlərə səbəb ola bilər:

1. İntellektual aktivliyin və problem həll etmə qabiliyyətinin azalması

2. Gecikmiş dil mənimsənilməsi

3. Aşağı IQ balları

4. Anksiyete pozğunluğu

5. Hiperaktivlik

6. Depressiya

7. Autizm

8. Şizofreniyaya meyllilik

Stress hamiləliyin 12-ci və 22-ci həftələri arasında baş verərsə, təsir daha çox ola bilər. Anada artan stress hormonları plasenta vasitəsilə qan axını azalda bilər və oksigenin azalmasına səbəb ola bilər. Normal şəraitdə plasenta stress hormonunun anadan uşağa ötürülməsini azaldır, lakin uzun müddətli stress zamanı plasentada stress hormonunu neytrallaşdıran fermentin azalması ilə uşağa keçən hormonun miqdarı artır. Artan stress hormonu körpənin beynində struktur dəyişiklikləri edir və irəli mərhələlərdə stress reaksiyasının artmasına səbəb olaraq fərdlərin psixopatoloji pozğunluqlara qarşı həssaslığını artırır. Prenatal stress, sonrakı həyatda xroniki xəstəliklərə həssaslığı artırır. Epigenetik mexanizmlər, yəni ətraf mühit şəraiti hansı genlərin aktiv olacağını müəyyən edir, insanın görünüşünə və sağlamlığına təsir göstərir. Ana bətnində yüksək miqdarda kortizol (stress hormonu) qəbul edən körpədə qeyri-sağlam gen aktivasiyası baş verə bilər. Məsələn, aclıq zamanı hamilə qalan ananın körpəsində piylənmə ehtimalı çox yüksəkdir. Çünki onların genləri sanki xarici mühitdə qıtlıq varmış kimi işləyir və yağ yığmağa meyllidirlər. Yüksək miqdarda stress hormonları da sağlam bağırsaq florasını pozur və immunitet sisteminə mənfi təsir göstərir.

Son zamanlarda kordon qanında leykositlərdə telomer uzunluğunun dəyişməsinin hamiləliyə xas stresslə əlaqəli olduğunu göstərən tədqiqatlar var. Tədqiqatlar, prenatal stressə məruz qalmanın daha qısa telomer uzunluğu ilə əlaqəli olduğunu müəyyən etdi. Araşdırmalar, telomer qısalmasının insan hüceyrələrinin ömrünü qısaltmaqda universal rol oynadığını və bu vəziyyətin yaşlanmada da rol oynadığını təsdiqləyib. Ana bətnində yaşanan stress, yetkinlik dövründə bədəni stresə daha həssas edir. Xüsusilə ailədaxili zorakılıq və ünsiyyətsizlikdən qaynaqlanan stressə məruz qalan ananın körpəsinin gələcəkdə çətin bir şəxsiyyət quruluşuna sahib olma ehtimalı olduğu üçün ailəsi və cəmiyyət üçün stres səbəbi ola bilər. Hamiləlik prosesi və doğuş üsulu uşaqlıq və yeniyetməlik dövrlərinə, yetkinlik dövründəki davranış və emosional proseslərə, şəxsiyyətin quruluşuna, həyat və hadisələrin öhdəsindən gəlmə tərzinə, bütün münasibətlərimizə, bir sözlə, bəşəriyyətin bütün tarixinə təsir göstərir. Buna görə də hamiləlik dövründə analara mümkün qədər dinc və stresssiz bir mühit təmin edilməsi fərdi və ictimai sağlamlıq baxımından müsbət nəticələr verəcəkdir.

Ayşən Vəli

Seçilən
14
sia.az

1Mənbələr