AZ

“Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk” - ŞƏRH EDİLDİ

“2020-ci ilin 10 noyabrından sonra, yəni Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra baş verən proseslər Azərbaycanın hərbi-siyasi rəhbərliyinin, diplomatiyasının böyük uğuru kimi tarixə düşüb. Çünki Azərbaycan 10 noyabr tarixinə qədər Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Qubadlı və Hadrut qəsəbəsini işğaldan azad etmişdi. Azərbaycanın digər böyük rayonları isə işğal altında idi. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mərhələli şəkildə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı ordusunu geri çəkdi. Birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun ən böyük itkiləri Ağdam, Ağdərə və Kəlbəcər istiqamətində olmuşdur. Əgər bu dəfə də həmin əraziləri güc yolu ilə azad etsəydik, itkilərimiz çox olacaqdı. Azərbaycanın hərbi-siyasi rəhbərliyi bizi bu cür itkilərdən xilas etdi”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O bildirib ki, 2023-cü ilin 19 sentyabr tarixində 23 saat davam edən anti-terror tədbirlərindən sonra Qarabağın digər hissələri də Azərbaycanın hüquqları daxilinə keçdi: “Son dörd ildə Qarabağda ciddi tikinti-quruculuq işləri aparılır. Bəzən insanlar bu barədə çox tələsir və tez bir zamanda öz yurdlarına qayıtmaq istəyirlər. Lakin otuz illik problemi dörd ildə həll edə bilmərik. Hansı ki, ərazilərimiz otuz il ərzində kərpic-kərpic sökülüb və biz həmin əraziləri ilk olaraq minalardan təmizləməli, sonra isə yenidən tikməliyik.

Ərazilərimizin minalardan təmizlənməsi isə uzun müddət tələh edir və bütün bu prosesləri Azərbaycan məhz öz gücü hesabına həyata keçirir. Lakin bütün bu işlər sürətlə həyata keçirilir. İlin sonuna qədər və ya gələn il əvvəllərində Ağdama da köç başlayacaq. Ağdam ən çox minalarla çirkləndirilmiş ərazidir və oranın yenidən qurulması da daha çox müddət tələb edir. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq tikinti bazarında müəyyən durğunluq yaranıv. Bu da təbii ki, tikinti prosesini müəyyən mənada ləngidir. Azərbaycan hərbi və iqtisadi cəhətdən qüdrətli dövlətdir. Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
31
sia.az

1Mənbələr