AZ

Kartof qızartması ilk kimin ağlına gəlib? - Yeməyin TARİXİ

Sizcə, dünyanın hər yerindən hər yaşda olan insanları bir masa arxasında birləşdirəcək yeganə qida hansıdır? Deyirlər ki, zövqlər, rənglər mübahisəsizdir, amma bu süfrədə yeməyə kartof qızartması ola bilər desək, çoxumuz etiraz etməzdik. Yaxşı, hər yeməkdə ləzzətlə yeyilən kartof qızartmasının nə vaxt və necə yarandığını bilirsinizmi?

Turkustan.az xəbər verir ki, bəzi mənbələrə görə, kartof qızartması fransız yeməyidir. 18-ci əsrdə Parisdə yarandığını iddia edən bu qaynaqlarda kartof qızartmasının ilk dəfə Parisin əfsanəvi körpüsü olan Pont Neuf üzərində yoldan keçənlərə satıldığı bildirilir. Hətta əlavə edirlər ki, bu ilk fransız qızartması pommes Pont-Neuf adlanırdı.

Belçikalı yemək tarixçisi Pierre Leqluerk kartof qızartmasının tarixini araşdırır və bu yeməyi ilk dəfə 1775-ci ildə Parisdə nəşr olunan “La cuisiniere republicaine” adlı yemək kitabında görür.

Lakin fransız tarixçilərinin bu iddiaları dünyanın bir çox yerində diqqətçəkən hesab edilmir. Məsələn, belçikalılara görə kartof qızartması Namur şəhərində icad edilib. İllər keçdikcə kartof qızartması hətta Fransa və Belçika arasında bir ləzzət savaşına çevrildi.

Şayiələrə görə, Meusa çayı boyunca yaşayanlar 1680-ci ildə çay donduğu üçün balıq tutub qızarda bilməyiblər. Balıq qızarda bilməyən kişilər arvadlarını yedizdirmək üçün kartofu balıq formasında doğrayaraq qovurmağa başladılar və kartof qızartması belə yarandı.

Kartof qızartmasının tapılması Belçika ilə Fransa arasında böyük müzakirələrə səbəb olsa da, ləzzətli kartof qızartması yemək üçün Frankofoniya bölgələrini ziyarət edənlər yanılmır. Bu gün xüsusilə Belçikada hazırlanan kartof qızartması dünyanın heç bir yerində rast gəlinməyəcək bir dada malikdir. Belçika hətta bu yeməyin mədəni irsə çevrilməsi üçün UNESCO-ya müraciət edib.

Frankofoniya bölgəsində kartofun yayılmasında mühüm rol oynayan şəxs var - Antoine-Augustin Parmentier. Fransız əczaçı və torpaqşünas Antoine-Augustin Parmentier, Cənubi Amerikadan İspan kəşfiyyatçıları tərəfindən Avropaya gətirilən kartofun Fransız mətbəxində yer tutması üçün çox çalışdı. Parmentier müxtəlif kartof xörəkləri bişirir və böyük qruplara ziyafət verirdi.

Bu ziyafətlərdə hətta ABŞ-ın keçmiş prezidenti Tomas Ceffersonun da iştirak etdiyi barədə şayiələr var. İddialara görə, Parmentier banketlər verdiyi illərdə Ağ Evdə onun əl yazısı ilə yazdığı “xırda dilimlərdə çiy qızardılmış kartof” reseptindən ilhamlanaraq kartof qızartması verilirdi.

Fərz etmək olar ki, ABŞ-da qızardılmış kartofu populyarlaşdıran şəxs Tomas Ceffersondur. Bir fərqlə ki, Cefferson kartofun uzununa deyil, dairələrə kəsilməsini istəyirdi. Lakin o, nə qədər çalışsa da, kartof qızartmasını məşhurlaşdıra bilməyib. ABŞ-da kartof qızartmasının hazırkı populyarlığının əsası Birinci Dünya Müharibəsi illərində idi.

Qızardılmış kartofun ortaya çıxması ilə bağlı üstünlük təşkil edən bu iki iddiadan hansının doğru olduğu bilinmir. Amma bu gün ABŞ-da su kimi istehlak edilən kartof qızartmasının təməli ABŞ-da qoyulmadığı dəqiqdir./lent.az

Seçilən
29
12
turkustan.az

10Mənbələr