AZ

Azad edilmiş rayonlara həyat yenidən qayıdır

Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq, torpaqlarımızın azad edilməsi uğrunda böyük savaşa başladı və 44 günlük Vətən müharibəsindən şanlı Qələbə ilə çıxdı. Müzəffər Ordumuzun işğalçı və terrorçu Ermənistanın qorxaq və aciz silahlı qüvvələrinə qarşı əks-hücumu uğurla başa çatdı və ermənilərin nəzarətində olan kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca düşməndən azad olundu.

Həmin günlərdə hər bir yaşayış məntəqəmizin ordumuzun nəzarətinə keçməsi xalqımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, demək olar ki, hər gün televiziya vasitəsilə xalqa müraciət edir, işğaldan azad olunmuş kəndlərimizn siyahısını xalqa çatdırır, sevincini bölüşürdü. Nəhayət, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri arasında üçtərəfli bəyanat imzalandı. Bununla da, Ermənistan faktiki olaraq kapitulyasiya sənədinə imza atdı.

Sonrakı günlərdə, həmin sənəddə nəzərdə tutulduğu kimi, düşmən üç rayonumuzu – Ağdam, Kəlbəcər və Laçını azad etdi.

Bu rayonların Azərbaycana qaytarılması bir güllə belə atılmadan, qurbanlar verilmədən baş tutdu. Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək və Laçın rayonu dekabrın 1-dək Azərbaycana təhvil verilməli idi. Lakin Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə elan etdi ki, Kəlbəcər rayonunun təhvil verilməsi prosesi 10 gün sonraya - noyabrın 25-nə keçirilir: “Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün noyabrın 25-nə kimi vaxt istəyib. Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Onların gedəcəyi yol Kəlbəcər–Zod–Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb… Kəlbəcərdə yerləşdirilən mülki əhalinin çıxması ilə bağlı Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər”.

Beləliklə, noyabrın 20-də Ağdam, 25-də isə Kəlbəcər rayonları Ermənistanın işğalından azad olundu. Azərbaycanın üçrəngli bayrağı bu qədim şəhərlərimizin üzərində qaldırıldı. Sonradan Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə 20 Noyabr Ağdamın, 25 Noyabr isə Kəlbəcərin şəhər günləri kimi qeyd edilməyə başlandı.

Prezident İlham Əliyev Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciət etdi. Bildirdi ki, Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri, o cümlədən Ağdam rayonu tamamilə bərpa ediləcək. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 23-də Ağdam şəhərində olarkən də bəyan edildi ki, bərpa proseslərinə – Şuşaya avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu barədə sərəncam da verilib.

Üçtərəfli bəyanata əsasən, Ermənistan 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunu Azərbaycana qaytardı. Həmin gün Prezident İlham Əliyev xalq müraciət edərək dedi: “Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”.

Prezident bəyan etdi ki, Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bir çox çayımızın mənbəyi bu rayondadır. Bunlardan ən uzun çay Tərtər çayıdır ki, onun uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay da mənbəyini Kəlbəcərdən götürür. 200 kilometrə yaxın uzunluğu olan bu çaylar da böyük ərazini su ilə təmin edir. Eyni zamanda, Kəlbəcərdə 24 min hektara yaxın böyük meşə əraziləri var: “Bunlar böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Son günlər … evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik!.. Bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.

Prezident həm də bəyan etdi ki, digər rayonlar kimi, Kəlbəcər də bərpa ediləcək, bu cənnət məkana həyat yenidən qayıdacaq. Kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları, böyük otlaq sahələri var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunub. Vaxtilə ora böyük kurort zonası olub. Nəhayət, İstisu da Azərbaycanın nəzarətinə qayıdıb. Mənfur düşmən onu da dağıdıb. (Bu gün Kəlbəcərin “İstisu” mineral suyunun istehsalı yenidən bərpa olunub)

Prezident müraciətində bəyan etdi ki, bütün rayonlar bərpa olunacaq, Kəlbəcər yenidən qurulacaq: “Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır. Biz qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq. Bütün işləri biz planlı şəkildə etməliyik”.

Budur, sözügedən rayonların azadlığa qovuşmasından keçən dörd il müddətində ölkədə “Böyük Qayıdış” proqramına start verilib. Həmin proqram çərçivəsində həyata keçirilmiş layihələr, abadlıq-quruculuq işləri, iş yerlərinin açılması, yeni müəssisə, kənd və müxtəlif obyektlərin təməlinin qoyulması ilə bu yerlərə həyat qayıdır. Təkcə onu demək kifayətdir ki, İkinci Qarabağ müharibəsindən sonra 2024-cü ilin sonuna qədər Qarabağın bərpası üçün xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edir. Bu vəsaitin böyük hissəsi infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışı davam edir və hər ay, hər il onların sayı artmaqdadır.

Bu gün azad edilmiş ərazilərdə infrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu çəkilib. Dövlət başçısı bu il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı bildirdi ki, ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə.

Prezident dedi ki, mədəni, tarixi irsimizin qorunması üçün də praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulmuşdur. Səkkiz məscidin inşası davam edir. Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları yaradılır. Bu işlər üçün böyük məbləğdə maliyyə vəsaiti nəzərdə tutulur. Prezident qeyd etdi: “Əlbəttə ki, gələcək illərdə işlər daha sürətlə gedəcək... Mən onu da bildirməliyəm ki, bütün bu işləri biz öz hesabımıza edirik. Bu günə qədər bizə bərpa işlərində köməklik edən qardaş dövlətlər Özbəkistan və Qazaxıstan olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilibdir və hazırda Qırğızıstan Respublikası da Ağdam rayonunda məktəb inşası ilə məşğuldur. Vəssalam. Bundan başqa necə deyərlər, bizə bir daş da müftə verilməmişdir. Dünyanın bir çox donor təşkilatları var, onlar, necə deyərlər, bu məsələyə biganədirlər. Halbuki bu böyük ərazini bu vəziyyətdə görən minlərlə xarici nümayəndə olub. Bunu görüb və heç bir praktiki iş görməmək bir daha onu göstərir ki, bizə olan münasibət nəzərə alınmalıdır. Bu, bir daha bizə göstərməlidir ki, ancaq öz gücümüzə arxalanmalıyıq, öz potensialımıza güvənməliyik”.

Onu da qeyd etməliyik ki, Prezident İlham Əliyev tarixi Qələbəmizdən ötən 4 il ərzində bütün azad olunmuş ərazilərə səfərlər edib. Bu səfərlər zamanı orada inşası nəzərdə tutulan obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, eyni zamanda, sonralar görülmüş işlərin nəticəsi ilə maraqlanıb, tikintisi tamamlanmış yeni-yeni obyektlərin açılışlarını edib. Sonradan yerli və xarici jurnalistlər həmin rayonlarda olaraq, görülmüş işlər haqda reportajlar hazırlayıblar. Misal üçün, Azərbaycan mediasının “Prezidentin izi ilə” Ağdamdakı məşhur “İmarət kompleksi”ndə aparılmış bərpa-quruculuq işləri ilə bağlı hazırladıqları materiallar geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. İşğal dövründə xarici qonaqlar tərəfindən “Qarabağın Hirosiması” adlandırılmış Ağdamın dirçəlişi insanlarımızı sevincinə səbəb olub. Təbii ki, Prezidentin açılışını etdiyi Ağdam Sənaye Parkı, digər sənaye obyektləri, bu müəssisələrdə insanların işlə təmin olunması Qarabağa həyatın qayıdışından xəbər verir.

Beləcə, istər Ağdamda, istər Kəlbəcərdə, istərsə də erməni işğalından azad edilmiş digər rayonlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri bu gün də uğurla davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur hazırda böyük tikinti meydançasıdır – desək, səhv etmərik. Bu ərazilərdə, demək olar ki, hər gün yeni yaşayış evləri, infrastruktur və digər obyektlər istifadəyə verilir, eyni zamanda, mütəmadi olaraq yeni köç karvanları bu rayon və kəndlərə yol alır. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpasından sonra azad edilmiş torpaqlarımızın ölkəmizin iqtisadiyyatına reinteqrasiyası, Azərbaycanın inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlərin açılması deməkdir.

Paşa ƏMİRCANOV
XQ

Seçilən
21
xalqqazeti.az

1Mənbələr