Yaponiya hökuməti 21,9 trilyon ien (cari məzənnə ilə 141,2 milyard ABŞ dolları) dəyərində iqtisadi stimullaşdırma paketi qəbul etmək niyyətindədir ki, bunun da böyük hissəsi subsidiyalara və əmək haqqının artırılmasına yönəldiləcək.
"Report"un məlumatına görə, bu barədə Yaponiyanın NHK ictimai televiziyası xəbər yayıb.
Telekanal bildirib ki, yaxın vaxtlarda yeni iqtisadi tədbirlər paketi rəsmən elan ediləcək. Buraya, xüsusən də, elektrik enerjisi və mavi yanacaq haqqını ödəmək üçün yerli sakinlərin subsidiyaları daxildir.
Hakimiyyət orqanları müvafiq vəsaitin ayrılması məqsədilə cari maliyyə ili üçün təcili olaraq əlavə büdcə qəbul etmək niyyətindədir.
Son illər xammal və enerji qiymətlərinin artması fonunda Yaponiyanın hakimiyyət orqanları milli iqtisadiyyatın və yerli əhalinin dəstəklənməsi üçün tədbirləri tədricən genişləndirir. Söhbət ilk növbədə elektrik enerjisi haqqının ödənilməsi ilə bağlı subsidiyalardan gedir. 2023-cü ildə onlar üçün 39 trilyon iendən (266 milyard dollardan çox) çox vəsait ayrılıb.