AZ

Avropa iqtisadiyyatında XAOS – Putinin bir imzası birjaları ALT-ÜST ETDİ...

Xəbər verildiyi kimi Rusiya nüvə doktrinasının yeniləyib. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının – “Nüvə silahının tətbiqinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Rəsmi Moskvanın bu qərarı dünya bazarlarını möhkəm silkələyib. Qlobal bazarlar xəbərə əsas indekslərin enişilə reaksiya verib.
 

MÖVZU İLƏ BAĞLI:

Putindən dünyanı qorxuya salan ADDIM -Nüvə silahı ilə bağlı yenilənmiş sənədi TƏSDİQLƏDİ


Məsələn, S&P 500 fyuçersləri çərşənbə axşamı günortadan sonra 0,3% ucuzlaşıb. ABŞ-ın 10 illik xəzinə notunun gəlirliliyi yeddi baza bəndi azalaraq 4,34%-ə düşüb.

Bu arada, Yapon yeni, İsveçrə frankı və qızıl daxil olmaqla ənənəvi təhlükəsiz sığınacaq aktivləri yüksəlib. Ukraynanın suveren dollar istiqrazları isə inkişaf etməkdə olan bazarlardakı oxşar aktivlər arasında ən çox ucuzlaşan qiymətli kağız olub.

Lakin birjalarda eniş Kremlin qərarından bir qədər əvvəl başlayıb. Amma bu da Ukrayna münaqişəsi ilə bağlıdır. Belə ki, Avropa birjaları Rusiya ilə Ukrayna arasında artan gərginlik səbəbilə ardıcıl dördüncü gündür ki, eniş yaşayır. Məsələn, Stoxx Europe 600 indeksi London vaxtı ilə səhər saatlarında 1% dəyər itirərək son üç ayın ən aşağı bağlanışına doğru irəlilədi. Bank və avtomobil sənayesi sektorlarındakı itkilər ümumi azalmaya səbəb oldu.  

Beləcə, Rusiya Prezidenti Vladimir Putinin nüvə doktrinasını yeniləyərək atom silahlarının tətbiqi sferasını genişləndirməsi və Ukraynaya Rusiya ərazisinə uzunmənzilli raket hücumuna icazə verilməsi xəbərləri, bazar iştirakçılarını "təhlükəsiz limanlara" yönəlməyə vadar edir.

Maliyyə üzrə beynəlxalq ekspert Andrea Tueni təəssüüflə bildirib ki, durumun  düzəlməyə başlaması ehtimalı azdır:

“Buna görə də investorlar çox diqqətli olmalıdırlar".

Avropa birjalarına təsir edən digər bir məqamsa Donald Trampın yeni dövrdə tətbiq edə biləcəyi tariflərlə bağlı vədidir.

Ümumiyyətlə, dünyanın maliyyə bazarında son zamanlar anlaşılmayan və idarə olunmayan mənzərə yaranıb. Bir tərəfdən ABŞ dolları dəyərini artırır. Digər tərəfdən dünyanın ən böyük əmtəəçisi olan Çin yuanı az da olsa, dəyərdən düşür.

Ən pisi odur ki, müasir dövrümüzdə valyutaların məzənnəsi və birjalardakı qiymətlər daha çox siyasi qərarlara uyğun dəyişir. Heç kimə sirr deyil ki, Çin dünya əmtəə bazarında hegomonluğunu davam etdirir. Bu gün dünyada istehlak edilən hər üç məhsuldan biri Çin istehsalıdır.

Amma bununla belə Çin yuanı ABŞ dolları ilə rəqabətdə uduzur. Bu da onunla bağlıdır ki, ABŞ-ın qəbul etdiyi siyasi qərarlar dünya üçün daha önəmlidir. Ona görə də iqtisadiyyatında eniş olan ABŞ-ın valyutası iqtisadiyyatında sıçrayış olan Çinin valyutasını üstələyir.

Hətta Rusiyanın qəbul etdiyi siyasi qərarlar da dünyanın maliyyə bazarına böyük ölçüdə təsir edir.

Göründüyü kimi, Rusiya nüvə doktrinasının yenilənməsi xəbəri Avropanın maliyyə bazarını böyük ölçüdə yavaşıdıb.

Məsələn, Avropanın əsas birja indeksi olan STOXX 600, Rusiyanın nüvə doktrinası ilə bağlı açıqlamalarının ardından riskli aktivlərdən uzaqlaşma fonunda üç ayın ən aşağı səviyyəsinə düşdü. Qızıl və ABŞ dolları kimi "təhlükəsiz limanlara" tələb artdığı halda, avtomobil və bank sektoru təxminən 2% dəyər itirərək bazar enişinə əlavə təsir göstərdi.  

Ekspertlər etiraf edirlər ki, Rusiyanın nüvə siyasətindəki dəyişikliklərinin Avropa iqtisadiyyatı və gəlirlərinə birbaşa təsiri olmasa da, birjalara təsirsiz qalmayacaq. Artıq Almaniyanın DAX indeksi, Rusiya-Ukrayna gərginliyindən qaynaqlanan narahatlıqlarla 1%-dən çox enərək 19.000 bəndin altına düşüb. Rusiyanın nüvə doktrinasını genişləndirməsi və Ukraynanın raket hücumları, Avropada genişmiqyaslı münaqişə ehtimalını artırıb.  

Bu vəziyyət bütün sektorlarda səhmlərin dəyərdən düşməsinə səbəb olub. "Siemens" 4%-dən çox itki ilə sənaye nəhəngləri arasında ən çox dəyər itirən şirkət olub. "Siemens Energy" 2.5% azalarkən, "Volkswagen", "Mercedes-Benz" və "Continental"ın səhmləri də 2%-dən çox dəyər itirib.  

Bu da onu göstərir ki, Avropa birjalarını yaxın zamanda yaxşı heç nə gözləmir. Yəni, müharibənin gərginləşməsi daha çox Avropa ölkələrini sarsıdır.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr