AZ

YAP yeni zirvələrə doğru inamla addımlayır

“Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. 32 il partiyanın tarixini o qədər uğur, qələbə səhifələri ilə zənginləşdirib ki, onların xronologiyasını belə tam əhatə etmək qeyri-mümkündür. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev partiyanın yaradılmasını belə xarakterizə edirdi ki, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildi. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.

Ümummilli Liderin bu fikirləri Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən xalqın partiyası olduğunu təsdiqləyir. Hər zaman Azərbaycanın bu günü və gələcəyi üçün çalışan YAP bunu 32 ildə cəmiyyətə təqdim etdiyi hədəflərində və onlara doğru atdığı inamlı addımlarında təsdiqləyir. Hər dövrün çağırışlarını həyata keçirmək üçün səylər göstərilir, mühüm addımlar atılır. Bu il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri 32 illik yolun təqdimatında əhəmiyyətli rol oynadı. 7 fevral tarixində keçirilən prezident seçkilərinə “Qalib xalqın qalib Lideri”, 1 sentyabr parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla” şüarları ilə qatılan Yeni Azərbaycan Partiyası fəaliyyətə “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlamışdı. Seçkidən-seçkiyə dəyişən, yeniləşən çağırışlar YAP-ın hədəfə yüksək səviyyədə nail olduğunu nümayiş etdirir.  32 illik yol Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin, populizmdən uzaq partiya olduğunun təsdiqidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi həm ölkəmizin, həm də partiyanın uğurlu gələcəyi üçün möhkəm təməl yaratdı. Daim inkişafın, tərəqqinin, özünə diqqət və qayğının şahidinə çevrilən xalq gələcəyə böyük inamla addımladı. Xalqın Heydər Əliyev siyasətinə inamı və etimadı böyükdür. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan YAP dünənin, bu günün və gələcəyin partiyası olaraq Azərbaycanın müstəqillik tarixinə bələdçilik edir, qələbədən-qələbəyə doğru inamla irəliləyir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Yeni Azərbaycan Partiyasının da qarşısında yeni vəzifələr qoydu: “Şanlı Qələbəmizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev proqram xarakterli çıxışında keçilən yolun təhlili fonunda qarşıda dayanan hədəfləri açıqladı. Prezident İlham Əliyev bildirdi ki, biz ardıcıllıqla və məqsədyönlü şəkildə  hədəflərə çatırıq. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti ölkəmiz  yaradıb. Azərbaycan reallıqlar yaradan ölkədir. Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”.

“YAP yeni zirvələrə doğru inamla addımlayır” söyləyən Malik Həsənov bildirib ki,  2021-ci il 5 mart tarixində keçirilən YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, İdarə Heyətinin,  Təftiş Komissiyasının və YAP-ın Veteranlar Şurasının tərkibi təsdiq edildi: “Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu mühüm addım  yüksək etimadın təcəssümüdür. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələri müəyyən etdi. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında, siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək YAP üzvlərindən yüksək fəallıq tələb edir. Dövlətimizin  başçısı, YAP-ın Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiq edilən Yeni Azərbaycan Partiyasının yeni Proqramı partiyanın bugünkü və gələcək fəaliyyəti üçün yol xəritəsidir. YAP yarandığı vaxtdan 2020-ci ildə imza atdığımız tarixi Zəfərə qədər qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail oldu. Artıq yeni çağırışlar yeni Proqramın təsdiqlənməsini zərurətə çevirdi”.

“Bütün müasir tendensiyalar və regionda yaranmış yeni reallıqlar 5 fəsildən ibarət olan yeni Proqramda öz əksini tapıb. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət, həmçinin 11 strateji  hədəf müəyyən olunub. Hər bir hədəf müasir, müstəqil, qalib Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş torpaqların dirçəlməsi və Böyük Qayıdış Proqramının uğurla icra edilməsidir. Suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövlətimizin  başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır”, - deyə millət vəkili vurğulayıb. 

Seçilən
1
2
ikisahil.az

10Mənbələr