AZ

Azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması nəzərdən keçirilir

Azərbaycanın işğaldan azad edilmiş bəzi rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir.

"Far.Az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə: dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.

V.Kərimov bildirib ki, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində 23 902 hektar ərazidə Bozdağ-Acınohur, həmçinin İlisu Dövlət Təbiət qoruğunun bazasında 13 966 hektar ərazidə İlisu Milli parkının yaradılması işləri yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qalan nadir flora növlərinin mühafizəsi məqsədilə 10 mikrorezervatın yaradılması və onlara təbiət abidəsi statusunun verilməsi, bir sıra palçıq vulkanlarının ərazisində geoloji parkın yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Nazir müavini əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən ümumi sahəsi 43 min hektar olan Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib. Qaragöl Dövlət Təbiət Qoruğunun, həmçinin Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının bioloji müxtəlifliyinin və təbiət abidələrinin bərpası istiqamətində tədbirlər həyata keçirilir:

"Bununla yanaşı, işğaldan azad edilmiş Şuşa, Xocalı, Ağdərə və Kəlbəcər rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir, bununla bağlı ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb".

Seçilən
2
5
far.az

7Mənbələr