AZ

Millimizin baş məşqçisi: “Bu oyunlar göstərdi ki, bizdə potensial var”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində iştirak edib.

İdmanxeber.az xəbər verir ki, yığmamız İslandiya (0:2) və İrlandiyaya (0:4) məğlub olub, Moldova ilə (2:2) heç-heçə edib. Baş məşqçi Elxan Abdullayev komandanın oyunu və nəticələr barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib:

“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi. Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq.

O ki qaldı komandamın turnirdəki ümumi çıxışına, göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.

Seçilən
4
5
idmanxeber.az

10Mənbələr