AZ

UNEP üç əsas konvensiya üzrə həmkarları ilə aktiv əməkdaşlıq etməyi planlaşdırır - İnqer Andersen

Bakı, TurkicWorld

UNEP Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDCs), Milli Adaptasiya Planları (NAPs) və Biomüxtəlifliyin Qorunması üzrə Milli Strategiya və Fəaliyyət Planları (NBSAPs) üzrə üç əsas konvensiya çərçivəsində həmkarları ilə aktiv əməkdaşlıq etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen COP29 çərçivəsində "Rio Trio təşəbbüsünün (Kolumbiya, Azərbaycan, Səudiyyə Ərəbistanı) "Dayanıqlı ekosistemlər üçün konvensiyalar arasında bilik mübadiləsinin artırılması" mövzusunda keçirilən yüksək səviyyəli dialoqda bildirib.

"Biz həmkarlarımızla üç əsas konvensiya üzrə aktiv əməkdaşlıq edərək üzv dövlətləri dəstəkləməyi, ölkə səviyyəsində göstərilən texniki yardımı gücləndirməyi və koordinasiya etməyi planlaşdırırıq. Bu, şəffaf və təkmilləşdirilmiş hesabat sistemi yaratmağa imkan verəcək. Artıq biomüxtəliflik və iqlim üzrə hesabatlarda qeyd olunan məlumatları təkrarlamağa ehtiyac yoxdur.

DART (Biomüxtəliflik Konvensiyası üzrə hesabat aləti) tək platformada hesabat aparmağa imkan verən vacib bir vasitədir. UNEP olaraq biz digər konvensiyaların inteqrasiyası məsuliyyətini öz üzərimizə götürməliyik.

Biz başa düşürük ki, ölkə səviyyəsində səylər hesabatdan çox, əməli fəaliyyətlərə yönəlməlidir. Gəlin bu prosesi sadələşdirək, sinxron və parçalanmamış edək. Bu, "Rio Trio" təşəbbüsünün təklif etdiyi yanaşmadır və mən çox ümid edirəm ki, bu həllər hər bir konvensiyada əksini tapacaq ki, ölkələr üçün hesabat prosesini asanlaşdırsın", – deyə İ.Andersen qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
21
turkic.world

1Mənbələr